Məşhur Azərbaycan aktrisası Mərziyyə Davudova haqqında kinossenari sentyabrın 5-dən 10-dək keçiriləcək 17-ci Kazan Beynəlxalq Müsəlman Kino Festivalının (Kazan İnternational Festival of Muslim Cinema) pitçinq (kino layihələrinin təqdimatı və müdafiəsi) siyahısına daxil edilib. Ssenarinin müəllifi kinorejissor Nadir Maçanovdur.

Nadir Maçanov bildirib ki, “Mərziyyə” dram janrında tammetrajlı bədii film olacaq. Filmin beynəlxalq layihə olaraq istehsalı nəzərdə tutulub, Azərbaycan, Rusiya, Portuqaliya və İtaliya kino mütəxəssisləri birgə çalışacaq. Çəkilişlər Azərbaycanda və Rusiyada aparılacaq.

“Kazan Beynəlxalq Müsəlman Kino Festivalı dünyada tanınır və builki festivalda Azərbaycan aktrisası Mərziyyə Davudovanın adı çəkiləcək”, – deyə rejissor qeyd edib.

Festival çərçivəsində pitçinqin qısa siyahısında (“Short list”) 14 kinolayihə var. “Mərziyyə” filminin ssenarisindən savayı bütün layihələr Tatarıstan və Rusiyanın digər bölgələrindən təqdim edilib.

SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901–1962) Həştərxanda doğulub.  1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər” və s. filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.