Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus əleyhinə peyvəndlərin ölkələr arasında paylanmasını “dəhşətli dərəcədə ədalətsiz” olaraq xarakterizə edib.

Baş direktor bu barədə Afrika Regional Komitəsinin 71-ci sessiyasında çıxışı zamanı deyib.

“Bir neçə təhlükəsiz və təsirli peyvəndin qısa müddətdə hazırlanması və təsdiqlənməsi dünyaya pandemiyanın nəzarət altına alınacağına real ümid verdi. Deməyə ehtiyac yoxdur, peyvəndlərin paylanması olduqca ədalətsizdir. Hamımız bu ədalətsizlikdən məyusuq”, – deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, indiyədək dünyada koronavirusa qarşı vurulan təxminən 4.8 milyard peyvəndin yalnız 87 milyonu, yəni ümumi miqdarın 2%-dən az hissəsi Afrikanın payına düşür. Dünyanın 140 ölkəsinin əhalisinin ən azı 10%-i peyvəndlənib. Bu siyahıya yalnız 4 Afrika ölkəsi daxildir. Halbuki DST sentyabrın sonuna qədər dünyanın bütün ölkələrində əhalinin ən azı 10%-nin peyvəndlə təmin edilməsini qarşıya məqsəd qoymuşdu.