İsmayıl Əfəndiyev milli kinomuza bacardığı qədər yaradıcılıq töhfələri verib

 

Bədii təsvir vasitələrinin vəhdəti olan kinoda sənətkarı istedadla yanaşı xarici görünüşü, şəxsiyyət üstünlüyü, xarakterik davranışı seyrçiyə sevdirir. Səhnə yaraşıqlı görünüşünə görə seçilən, alicənab xüsusiyyətinə görə sevilən respublikanın Əməkdar artisti İsmayıl Əfəndiyev (1910–1967) də Azərbaycan peşəkar aktyor nəslinin belə unudulmaz nümayəndələrindəndir. Şux qaməti, xəfif təbəssümü, təmkinli davranışı ilə ekran personajlarının xarakterik cizgilərini bənzərsiz təqdim edən istedadlı aktyorumuzu anadan olmasının 111-ci  ildönümündə ehtiramla xatırlayırıq.  

Sənət ümumilikdə estetik idealların təcəssümüdür. Peşəkar sənət dahiləri ideal amilini müsbət obrazlarla yanaşı, hətta mənfi personajın həyat mövqeyinin təhlili prinsipində belə təsəvvür etdirməyə müvəffəq olurlar. Ömrünü kinoya xidmətdə keçirən İsmayıl Əfəndiyevin dolğun ekran obrazları da sənət ölməzdir prinsipini aşılayır. 

İncəsənətə hələ kiçik yaşlarından həvəsi olan, ailəsinin, qohum-əqrəbasının  narazılığına baxmayaraq çətin və məsuliyyətli peşəni seçən İsmayıl Əfəndiyev 1910-cu il avqustun 10-da qədim Şamaxı şəhərində Mahmud kişinin ailəsində dünyaya göz açıb. Kiçik olanda ailəsi Göyçay şəhərinə köçüb. Göyçay həvəskarlar teatrına gedib, buradakı tamaşalarda böyük həvəslə iştirak edib. 1927-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib, Pedaqoji Texnikuma daxil olub. Xalq şairi Rəsul Rza ilə tanış olub. Bu tanışlıq sonralar dostluğa, daha sonra isə qohumluğa çevrilib.

 

Məhsuldar yaradıcılıq

 

Pedaqoji təhsil aldığı müddətdə də ruhən teatra bağlı olduğunu, ondan heç vaxt ayrıla bilməyəcəyini duyan gənc tələbə görkəmli teatr və kino xadimi, Xalq artisti İsmayıl Hidayətzadə ilə tanış olur və onun rəhbərlik etdiyi dram dərnəyində çıxış edir. 1929-cu ildə texnikumu bitirdikdən sonra bir müddət pedaqoji fəaliyyət göstərir. 1931-ci ildə Bakı Türk İşçi Teatrına dəvət alır. Bir il sonra teatr Gəncəyə köçəndə kollektivlə birlikdə orada fəaliyyət göstərməyə başlayır. Maraqlı, koloritli obrazlarla tamaşaçıların qəlbinə yol tapan gənc aktyor teatrın repertuarında olan tamaşalarda baş və aparıcı rollarda çıxış edir.

Teatrda məhsuldar yaradıcılığı kino xadimlərinin diqqətindən yayınmır. İlk dəfə görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadənin kinomuzun səssiz mərhələsinə aid “Məhəbbət oyunu” filmində (1935) oynadığı obrazın (Səttar) həyat mövqeyini, psixologiyasını dəqiq ifadə edən aktyor sevilən simaya çevrilir. 1939-cu ildən etibarən isə kinostudiyada fəaliyyət göstərməyə başlayır, həm aktyor kimi filmlərə çəkilir, həm də rejissor kimi filmlər çəkir.  

 

Kinoya lazım olmaq

 

İsmayıl Əfəndiyevin teatrda qazandığı sənət bilgisi koloritli ekran obrazları yaratmasına, məşhurlaşmasına səbəb oldu. Filmoqrafiyasına 30-dan çox ekran əsəri daxil olan sənətkar rejissor kimi müxtəlif mövzulu (“Alagöz yaylağında”, “Bəsləsən atlas olar tut yarpağından”, “Əmanət kassası” və s.) sənədli filmə, “Kölgələr sürünür” dram-macəra janrlı bədii filminə (1958, kinorejissor Şüa Şeyxovla birgə) quruluş verdi, 10-dan artıq filmdə (həkim – “Əmək və qızılgül”, Rza İsmayılov – “Bəxtiyar”, Şirəli – “İnsan məskən salır”, Nadirov – “Qızmar günəş altında”, Kamal Qasımov – “Vətən oğlu” və s.) yaddaqalan obrazlar yaratdı. Ahəngdar səsə, qüsursuz diksiyaya malik aktyor bir neçə bədii filmdə məşhur kino personajlarını (Həkim Eldostu – “Bir qalanın sirri”, Cəlil – “Əsl dost”, Gülümsərov – “Ulduz” və s.) ifadəli səsləndirməklə peşəkar ifaçıların oyununa uğur qatdı.  

İsmayıl Əfəndiyevin səsli kinoda ilk böyük rolu “Yeni horizont” filmindəki (1940) Adil Kərimov obrazıdır. Görkəmli kinorejissor Ağarza Quliyevin kinorejissor Qriqori Braginski ilə birgə quruluş verdiyi film Bakı neftçilərinə, onların yeni neft yataqları kəşf etmək uğrunda apardıqları mübarizəyə həsr olunub. Gənc alim-geoloq Adil Kərimovla qocaman alim, professor Əhmədov arasında elmlə bağlı yaranan kəskin münaqişə filmin əsas süjet xəttini təşkil edir. Səsli kinonun ilkin mərhələsində ekranda təcəssüm olunan patetik, sxematik təqdimatların fonunda rolun mövqeyi tam açılmasa da, aktyorun kameraya uyğun və lazımlı keyfiyyətləri, sənət taktikası növbəti filmlərə dəvət almasına imkan yaradır. Aktyorun müxtəlif illərdə yaratdığı Rza (“Səbuhi”), Şeyda İmanov  (“Qara daşlar”), Qurbanov (“Cazibə qüvvəsi” kinoalmanaxında “Zirvə” novellası)  və digər ekran obrazları xarakterik cizgilərinə görə yaddaqalan personajlardır.

Aktyorun yaratdığı Süleyman “Arşın mal alan” (1945), Əmir Həmzə “Fətəli xan” (1947),  Həsənqulu bəy “O olmasın, bu olsun” (1956) kimi genişplanlı rolları da xarakterik cizgilərinə, kinonun əhəmiyyətini anlatdığına görə yaddaqalandır, baxımlıdır. Sözügedən filmlərdən də göründüyü kimi, fərqli xarakterlər toplusu yaratmaq, personajın həyat tərzini, düşüncəsini, istəyini inandırıcı çatdırmaq zəngin dünyagörüşünə, böyük daxili mədəniyyətə malik sənətkar üçün heç də çətin deyildi. Bu mənada sənətə sevərək sarılan, Azərbaycan kinosunun addım-addım irəlilədiyi çətin vaxtlarda ömrünü bu sənətin müxtəlif sahələrinə həsr edən İsmayıl Əfəndiyev milli kinomuza bacardığı qədər yaradıcılıq töhfəsini verməyə nail oldu. 

 

Peşə və vətəndaşlıq borcu

 

İsmayıl Əfəndiyev məsuliyyətli kinematoqrafçı olaraq peşə və vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi. O, 1945-ci ildə bir qrup mədəniyyət işçisi ilə Cənubi Azərbaycanda olanda Təbrizdə “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Eşq və intiqam”, “Anamın kitabı” əsərlərini tamaşaya qoyur. Həmçinin 1947-ci ildə ekranlara çıxan “Arazın o tayında” filmi üçün müəyyən çəkilişlər aparır. Çoxşaxəli yaradıcılığa malik sənətkar “Bir ailə” filmində rejissor assistenti, “Almanların Şimali Qafqazda vəhşilikləri” sənədli filmində operator köməkçisi, “Arşın mal alan” (1945), “Bəxtiyar” bədii və “Arazın o tayında” sənədli filmlərində ikinci rejissor kimi də çalışıb, elmi-kütləvi filmlər çəkib.

 

Sevgi ilə xatırlanmaq

 

Həyatın inikası olan kino sənəti insanların arzularını, istəklərini təcəssüm etdirir, onların həyata, bir-birinə olan münasibətini göstərir. Bu mənada kino və onu yaşadanlar unudulmur, daim sevgi ilə xatırlanırlar.

“Azərbaycanfilm”də uzun illər kinooperator işləmiş Fəramiz Məmmədovun İsmayıl Əfəndiyev haqqında fikirləri sənətkar şəxsiyyətini bizə daha yaxın edir: “İsmayıl Əfəndiyev yadımda alicənab bir insan kimi qalıb. “Arşın mal alan” filmində canlandırdığı Süleyman kimi çox səliqəli geyinirdi, üzü həmişə təraşlı olurdu. Kinostudiyada çalışdığı müddətdə işini həmişə səliqə-sahmanla aparırdı. Bir dəfə də olsun, onu kinostudiyanın yeməkxanasında oturan görmədim. Yadımdadı, görkəmli kinorejissor Əlisəttar Atakişiyev ona birlikdə çay içməyi təklif edəndə deyirdi ki, “Əlisəttar müəllim, gəlin, otağımda söhbət edək”. Özünü çox sanballı aparırdı. Kiminsə xətrinə dəyməzdi, kimsə də onunla zarafat edə bilməzdi. Yüksək daxili mədəniyyətə malik insan idi. Həyatını zəhməti ilə qazanırdı. Dublyajda səsləndirmə ilə məşğul olur, filmlərdə çalışırdı. Buna görə də böyük hörmət sahibi idi”.

Şəhla ƏMİRLİ
kinoşünas