Fərid Xayrulinə həsr olunmuş xatirə sərgisi

 

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən I Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, məşhur fotojurnalist, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin (1947-2020) xatirəsinə həsr olunmuş sərgi açılıb.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər” Muzey Mərkəzi, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin birgə dəstəyi ilə həyata keçirilib.

Tanınmış jurnalist Rahib Azəri çıxışında Fərid Xayrulinlə tanışlığından söz açıb. Bildirib ki, onu Bakıda keçirilən caz festivallarında tanıyıb: “İstənilən şəxs foto çəkə bilər, ancaq peşəkarın əlində şəkillər tam başqa cür alınır. O, ifaçılarla işləyərkən fotolar onun istədiyi kimi alınsın deyə onlara səhnə mədəniyyətini öyrədir, səhnədə necə dayanmaq məsləhətlərini verirdi. Mən onun emalatxanasında olarkən heç kimə göstərmədiyi şəkilləri görmüşdüm. O, fotoları haqqında danışmağı, onları təqdim etməyi sevirdi”.

Qeyd edilib ki, Fərid Xayrulin ölkəmizin fotosalnaməsini yaradıb, çoxsaylı xarici səfərlərdə fotoreportajlar hazırlayaraq daim coşqun hadisələrin mərkəzində olub, çoxsaylı respublika və xarici fotosərgilərin mükafatlarına layiq görülüb. Onun “Neftin haqqı” adlı ekoloji silsiləsi Böyük Britaniya XİN Ekologiya departamenti nəzdindəki muzeyə daxil olan fotoqrafiya nümunəsi olub. Onadək həmin muzeydə yalnız rəsm əsərləri nümayiş etdirilib. Fərid Xayrulinin çəkdiyi fotolar  “Azərbaycan mənim səxavətli diyarımdır”, “Şahdəniz”, “Müasir Azərbaycan memarlığı” kimi kitabları bəzəyir.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, Fərid Xayrulin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə sıx əməkdaşlıq edib: “Bugünkü tədbirin Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi təsadüfi deyil. O, aramızda olmasa da, onunla bağlı xatirələrimiz bizimlə qalacaq”.

Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov Fərid Xayrulinlə 50 ilə yaxın davam edən peşə yoldaşlığından söz açıb: “O özünü fotoqraf deyil, fotojurnalist adlandırırdı. Onun özünəməxsus bir fotoqraf olması burada sərgilənən şəkillərdə üzə çıxır. Çünki o, gördüklərini deyil, hiss etdiklərini çəkirdi. Çəkdiyi kadrlar həyatın bir parçası kimi canlı təsir bağışlayırdı”.

Qeyd edək ki, Şirvanşahlar Sarayı Kompleksinin birinci həyətində açılan xatirə sərgisində fotoqrafın şəxsi kolleksiyasından 40-dan çox əsəri nümayiş olunur. Sərgi sentyabrın 5-dək davam edəcək.