Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, “Yaşma” taborunun qərargah rəisinin müavini, mahir kəşfiyyatçı, kapitan Elçin Mübariz oğlu İsmayılovdur.

Elçin İsmayılov 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. İlk təhsilini 1995-ci ildə Ucar rayonunda 1 saylı tam orta məktəbdə alıb. 2006-cı ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub.

Elçin uşaqlıqdan Vətəninə, bayrağına bağlı idi. Tarix və hərbi dərsləri isə daha çox sevirdi. Orta məktəbdə hərbi yarışlarda fəal iştirak etmiş, təltiflərə layiq görülmüşdü. Məktəbdə, televiziya verilişlərində düşmənin vəhşilikləri barədə çox görüb eşitmişdi. Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda həmişə deyirdi ki, bir gün mən sizin qisasınızı alacağam! Və dediyi kimi də oldu...

Elçin İsmayılov 2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirir. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilir və oranı əla nəticə ilə tamamlayır. 2011-ci ildə Ağcabədi rayonundakı N saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanır. Həmin hərbi hissədə bir müddət xidmət etdikdən sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırır. XTQ-yə daxil olduqdan sonra dəfələrlə Türkiyədə hərbi təlimlərdə iştirak edərək bütün sınaqlardan uğurla keçir.

2012-ci ildə “052” saylı hərbi hissəyə qrup komandirinin müavini, 2014-cü ildə həmin hərbi hissədə xüsusi əməliyyat taborunun əməliyyat qrup komandiri vəzifəsində xidmət edir. 2015-ci ilin oktyabrından 2016-cı ilin yanvarınadək ABŞ-dan olan təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində təşkil olunan Xüsusi əməliyyatlar üzrə treninqində (Special Operations Training) uğur qazanaraq sertifikat alır. O, 2016-cı ilin Aprel döyüşlərində döyüşərək qəhrəmanlıq göstərir.

Bitib-tükənməyən hərb sevgisi Elçini yeni təlimlərə, yeni uğurlara aparırdı. 2018-ci ildə Türkiyədə “Anadolu təlimləri”ndə iştirak edir. 2019-cu ildə isə Giləzi Tədris Mərkəzində “Dağlarda döyüş” kursunu müvəffəqiyyətlə bitirir.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüş komandiri olaraq cəbhəyə yollanır. İlk olaraq Murovdağ zirvəsinin düşməndən təmizlənməsində, daha sonra Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edir. Cəbrayıla bayrağımızı sancan döyüşçülərdən biri də Elçin idi. O, döyüşlərdə düşmənin 23 yüksək rütbəli zabiti daxil olmaqla 200-dən çox hərbiçisini və çox sayda döyüş texnikasını məhv edir.

Elçin İsmayılov məhz toy gününə təsadüf edən tarixdə – 7 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə idarə etdiyi qrupu xilas edərkən düşmənin snayper gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır.

Şəhidin xalası qızı Yeganə Mövsümova qeyd edir ki, Elçin savadlı, intellektual səviyyəsi yüksək, bir çox xarici dili, o cümlədən düşmənin dilini bilən bir insan kimi tanınırdı: “O, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı. Bu keyfiyyətlərinə görə insanlar tərəfindən sevilirdi. Elçinin özündən sonra xalqına, elinə əmanət qoyduğu Ömər və Mübariz adlı övladları var. Əminəm ki, bu nur üzlü balalar atalarının həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklər”.

Yeganə xanım bildirir ki, Vətən müharibəsində Elçinlə bərabər qardaşları Nurlan və Elvin də ön cəbhədə döyüşüblər. Elçin müharibəyə yollananda bizlərə dedi: “Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”.

Elçin İsmayılov oktyabr 8-də Ucar rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.

NURƏDDİN