Sentyabrın 1-də Özbəkistanın müstəqilliyinin 30-cu ildönümü tamam olub. Bu münasibətlə Daşkənddə təzəcə istifadəyə verilən “Yeni Özbəkistan” parkında təntənəli bayram tədbiri keçirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diasporumuzun tanınmış üzvləri də mərasimə qatılıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müstəqillik bayramı münasibətilə özbək xalqını, bu ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı deyib ki, 30 il bundan əvvəl Özbəkistanın müstəqilliyini elan etməsi böyük tarixi hadisədir.

Prezident müstəqillik illərində Özbəkistanın böyük uğurlarından danışıb. Dövlət başçısı deyib ki, 2017-2020-ci illərdə ölkədə iqtisadi artım 18.3 faiz olub. 2016-cı ildə xarici ticarət dövriyyəsi 16 milyard dollar olubsa, ötən il bu rəqəm 36 milyard dollar təşkil edib.

Tədbir Özbəkistan incəsənət ustalarının bayram konserti ilə başa çatıb.