Çoxəsrlik aşıq sənəti ənənələrinə yeni məzmun qazandıran, xalq ruhuyla səsləşən əsərlər yaradan Aşıq Ələsgərin zəngin poetik irsinə həmişə böyük diqqət göstərilib, şeirləri nəşr olunub, sözləri aşıqlarımızın repertuarında daim mühüm yer tutub. Onun şeirləri bəstəkarların da diqqətini çəkib, bu gün də könülləri oxşayan  mahnılar bəstələnir. Milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu böyük saz və söz ustadının 150 illik yubileyi respublikamızla yanaşı, Moskvada da təntənəli şəkildə qeyd olunub.

Bu il ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi qeyd edilir. Prezident İlham Əliyev bununla bağlı 18 fevral 2021-ci il tarixdə sərəncam imzalayıb.

Bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə indiyədək bir sıra işlər görülüb. Azərbaycan Aşıqlar Birliyi (AAB) də yubileylə bağlı hələ ilin əvvəlindən geniş tədbirlər planı hazırlayıb. İlk dəfə olaraq hər şeirin hansı aşıq havaları üstə oxunması və yabançı sözlərin izahı verilməklə Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab hazırlanıb. Klassik və müasir aşıqların ifasında Aşıq Ələsgərin sözlərindən və ustadla bağlı dastan-rəvayətlərdən ibarət video və audio disk buraxılıb.

Bu yaxınlarda Aşıqlar Birliyinin ustadlar ustadının yubileyinə yeni bir töhfəsi – “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı sənətsevərlərin, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitabda ustad sənətkarın ömür və sənət yolunun maraqlı, unudulmaz məqamlarından söz açılan 30-a yaxın dastan-rəvayət yer alıb. Bu dastan-rəvayətlərin bəziləri hələ aşığın sağlığında, əksəriyyəti isə sonrakı dönəmlərdə aşıqlar tərəfindən düzülüb-qoşulmuşdur. Burada xronoloji-bioqrafik əhvalatlar, eləcə də, xalq təxəyyülündən doğan epik mətnlər, aşıqların, o cümlədən də elin arzu-istəklərindən irəli gələn xoşməramlı səfərlər və qarşılaşmalar yer alıb.

Kitabda dastan-rəvayətlərdə işlənmiş ərəb və fars mənşəli sözlərin, eləcə də arxaizm və məhəlli sözlərin izahı, “Qeydlər və izahlar” bölümündə yer almış dastan və rəvayətlərin yaranma tarixi, hansı aşıqların dilindən yazıya alınması və indiyədək nəşr olunduğu mənbələr haqqında məlumat verilir.

Kitabı nəşrə hazırlayanlar AAB-nin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, elmi məsləhətçi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent  Altay Məmmədlidir.