Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: "Şah Abbas" məscidi

XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. Xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.
Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs deyib. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənib.

Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Unikal incəsənət əsəri olan, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış bu minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eynidir.

Şücaəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi də Şah Abbas məscidinin yaxınlığındadır.

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb.