“İCESCO akseleratoru” pilot layihəsinin təqdimatı keçirilib

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO), İCESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Bakı Ali Neft Məktəbi və “NewSpace İnnovation” şirkətinin iştirakı ilə “İCESCO akseleratoru” adlı pilot layihə həyata keçirilir. Layihə İCESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Sentyabrın 11-də Bakı Ali Neft Məktəbində “İCESCO akseleratoru” pilot layihəsinin təqdimatı keçirilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu layihəyə qoşularaq öz ideyalarını tətbiq etdikləri üçün tələbələrə təşəkkürünü bildirib. O, tədbirə toplaşan qonaqların tələbələrlə sıx əməkdaşlıq etməsini arzulayıb. Layihədə 23 komandanın iştirak etdiyini deyən E.Qasımov bildirib ki, bu gün onlar öz ideyalarını reallaşdırmaq üçün gözəl bir fürsət qazanıblar.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənclərin ölkədə aparıcı yerləri tutmalı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətlər yetişdirən qədim mədəniyyətə və yüksək dəyərlərə malik bir ölkədir. Bunun dünyaya çatdırılmasında gənclərimizin də üzərinə mühüm məsuliyyət düşür.

E.Əliyev bildirib ki, bir sıra beynəlxalq təşkilatlar Qarabağ məsələsində hər zaman ikili mövqe tutmuşlar. Ölkəmizin başçısı onları 30 illik Qarabağ münaqişəsini həll etmək üçün ədalətli mövqe tutmağa çağırsa da, bunun əməli nəticəsi olmayıb. Azərbaycana dəstək olan yalnız bir neçə beynəlxalq təşkilat var ki, onlardan biri də İCESCO-dur.

Tədbirə onlayn qoşulan İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, “İCESCO akseleratoru” proqramı dünyada ilk dəfə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistanda tətbiq olunur və ilkin olaraq 5 sənaye sahəsini əhatə edir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir. O, gənclərin bu proqram vasitəsilə öz bacarıqlarını inkişaf etdirəcəyini vurğulayıb.

Açılış mərasimində İCESCO-nun Elm və texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif, İCESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıb və Azərbaycan-İCESCO əməkdaşlığının davamlı olacağını bildiriblər.

Sonra “NewSpace İnnovation” şirkətinin təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib.

Qeyd edək ki, pilot layihə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistanda həyata keçirilən “İCESCO akseleratoru”nun birinci mərhələsində milli səviyyədə yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçilib. Milli səviyyədə yarışlar 11 sentyabr tarixində ikigünlük düşərgə (bootcamp) şəklində başlayıb və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçirilib.

İkinci mərhələdə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat 6 avqust – 8 sentyabr tarixində https://newspace.az/cla/ linki üzərindən aparılıb.

Akselerator (ingiliscə “to accelerate” – sürətləndirmək sözündən) startaplar üçün intensiv təhsil proqramıdır.