Sentyabrın 10-11-də Quba Soyqırımı Memorial Kompleksində “XX əsr türk-müsəlman soyqırımları. Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda simpozium keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkil etdiyi tədbirə Azərbaycan, Türkiyə və Rusiyadan 50-dək alim və tədqiqatçı qatılıb.

Simpozium iştirakçıları əvvəlcə Quba Soyqırımı Memorial Kompleksində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər. Sonra kompleksin muzeyində simpoziumun plenar iclası öz işinə başlayıb.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova qeyd edib ki, simpoziumun əsas məqsədi regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi dünya ictimaiyyətinə çatdırmaq, bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.

İclasda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Türkiyə Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turis, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva çıxış ediblər.

Daha sonra simpozium alim və tədqiqatçıların məruzələri ilə davam etdirilib.

Beynəlxalq tədbirin iştirakçıları Quba rayonunun görməli yerləri ilə də tanış olublar.