Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı "Könül yolçuluğu" platforması ilə Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etməkdir.

Səfər çərçivəsində qonaqlar Gəncə şəhərində olub, dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Türkiyəli yazarlara məqbərə haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlar ötən ilin oktyabrında Vətən müharibəsində Ermənistan Gəncəyə ballistik raket hücumu nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını pozaraq cəbhə xəttindən xeyli aralıda Gəncədə dinc əhaliyə qarşı müharibə cinayəti törədiblər.

Yazıçı Seval Beyazgül deyib: “Tarixi bir müharibədə Gəncə xalqının çəkdiyi əzab və acıları gözümüzlə gördük. Eyni zamanda erməni vandalizminə şahid olduq. Burada baş verənləri, gördüklərimizi bütün beynəlxalq aləmə çatdırmağa çalışacağıq”.

Şair İsmayıl Başpınar gördüklərinin onu dəhşətə gətirdiyini bildirib. “Könlümüzün yandığı, ağrılarımızın baş qaldırdığı yerdəyik. Mənim də övladlarım var. Burada şəhid olan azyaşlı uşaqları görəndə ürəyim yandı. Biz Türkiyə dövləti və milləti olaraq hər zaman sizin yanınızdayıq. Şəhidlərimizi dərin hörmətlə anırıq”, - o, əlavə edib.