Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri iştirak ediblər.

Mərkəzin foyesində Özbəkistanın müstəqilliyinə həsr olunan kitab, foto, rəsm sərgisi təqdim edilib.

Özbəkistanın və Azərbaycanın Dövlət himnləri səsləndikdən sonra AMM-nin direktoru Samir Abbasov müstəqillik günü münasibətilə salona toplaşanları təbrik edib. Bildirib ki, özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal mədəniyyət nümunələrindən biridir. Özbək xalqının misilsiz musiqisi, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbək xalqı dünyaya Əlişir Nəvai, Mirzə Uluqbəy, Babur kimi mütəfəkkir, ədib və alimlər bəxş edib.

ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov müstəqillik illərində ölkədə elm və təhsil sahəsində həyata keçirilən layihələrdən, o cümlədən cəmiyyətin xətti ilə keçirilən tədbirlərdən bəhs edib.

Professor Niqina Şermuxammedova və dosent Gülbahar Aşurova Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıblar.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər söyləyiblər.

ÖADC-nin fəal üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Sonra AMM-nin təşəbbüsü ilə hazırlanan, Özbəkistanın Xalq artisti Ramiz Usmanovun ifasında “Dostluq mədhi” klipinin təqdimatı olub. AMM-nin nəzdindəki “ Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.