Rəssamlar yaradıcılığı boyu ən müxtəlif janrlarda əsərlər yaratsalar da, bu fərqli estetik tutum daşıyıcıları arasında mütləq onlara daha yaxın olanı, tez-tez müraciət etdikləri də olur. “Təklənmiş” psixoloji-yaradıcı durumlarını ilhamlarının pərvazlanmasına kökləyən rəssamlar üçün bunun nə demək olduğunu yəqin ki, onların özləri daha yaxşı bilirlər. Bunun səbəbini Moskvada yaşayıb-yaradan soydaşımız İlhamə Qurbanovadan soruşmasaq da, onun ərsəyə gətirdiyi çoxsaylı gül-çiçəkli natürmortlarda torpağın qüdrətini hiss etmək, yaratdığı ətirli gözəllik daşıyıcılarının ilhamverici sehrinə düşmək istəyinin qabarıqlığı duyulandır. Hələ sovet dönəmindən ailəsi ilə Rusiya paytaxtında yaşayan İlhamə xanımın bu gün ən böyük arzusu yəqin ki, düşmən tapdağından “Dəmir yumruq”la azad edilmiş doğma Qarabağ çöllərindən toplayacağı gül-çiçəyə bədii görkəm verməkdir...

Çəkdiyi müxtəlif natürmortlarda görüntüyə gətirilən yasəmən, çobanyastığı, qızılgül, lalə, nərgiz, qərənfil və digər neçə-neçə gülün forma-biçimində və rəngində ruhunu oxşayan estetik qaynaqlar aşkar etdiyinə əmin olan rəssamın onlar üçün tapdığı bədii şərhdə, qabarıq görünən eşq, qürur və saflıqla bərabər, həsrətin sezilməsini də zamanına görə təbii saymaq olar. Ayrı-ayrı güllərdə ifadə olunmuş məna-məzmun yükündən “boylanan” bədii tutumun-duyğulandırıcı estetikanın tamaşıçısı ilə dialoq yaratmaq gücü görünən olduğundan, çox vaxt gözümüzdə adiləşən zəriflik rəmzlərində yaşantılarımızla səsləşən qaynaqların təsirinin əldə olunmasını müəllifin uğuru saymaq olar.

Odur ki, İlhamə xanımın bu əsərlərində avropalıların “cansızlıq və sakitlik” ifadəçisi kimi qəbul etdiklərindən daha çox fərqli estetika ilə qarşılaşırıq. İndicə dərilmiş çöl güllərinin vazada qərarlaşmasında onların təravətini qorumağa səy göstərilməsi, bu yerdəyişmənin çox vaxt təbətin “davamı” – onunla əlaqəli təqdimatı kimi düşünülməsi də “gül həyatı”nın əvvəlki kimi davam etdiyinə bədii işarədir. Yaxşı haldır ki, rəssam arzuladığı bu təəssüratı real-gerçəkçi bədii vasitələrlə əldə etməyə nail olub. Natürmortların məhz özünəməxsus yaxı-rəng improvizələri ilə duyğulandırıcı estetik qaynağa çevrilməsi də müəllifin davamlı axtarışlarının nəticəsidir.

Onun təbiətdən tam təcrid olunan güllərinin təqdimatında ilk baxışda klassik “sakitlik” hiss olunsa da, əslində, məkana arifanə baxışla burada da həyatın davam etdiyini sezmək mümkündür. Bunu gül-çiçəkli vazanın yerləşdiyi məkanın bədii həllində, masaüstünün tərtibatında, interyerlə əlaqəli təsvirində duymaq mümkündür. Elə rəssamın da niyyəti buradakı həyatın bir anlığa “qırılması”na tamaşaçısını inandırmaq, janrın məlum estetikasına özünəməxsus çalarlar əlavə etməkdir. Onun çoxsaylı natürmortlarında klassikaya bir qədər fərqli münasibətdə bunun yaddaqalan nəticələrini görmək mümkündür...

Bu yerdə qeyd edək ki, İlhamə Qurbanovanın bədii irsində yer alan digər janrlı əsərlərdə də müraciət olunan mövzulara özünəməxsus yanaşma mövcuddur. Bu mənada rəssamın süjetli tabloları xüsusilə diqqət çəkir. Müxtəlif illərdə çəkilmiş “Xocalı”, “Xudafərinli toy”, “Qız qalası əfsanəsi”, “Sevgi”, “Müjdə”, “Mənim dünyam” və “Yuxu” əsərləri bu qəbildəndir. Bu rəngkarlıq nümunələrinin estetikasında ovqatyaradıcılıq önə çəkildiyindən görüntüyə gətirilən motivlər və hadisələr tamaşaçı tərəfindən emosionallıqla qəbul olunurlar. Bəzən reallığı, bəzən də duyğu və düşüncələrini əyaniləşdirməyə çalışan rəssam, kompozisiyanı təşkil edən ayrıntıları müəyyən ovqata bələməyə üstünlük verməklə son nəticədə əsərin bədii bütövlüyün təsirli alınmasına nail olub. Bu mənada “Xocalı” faciəsinin insan harayının, “Xudafərinli toy”un isə nikbin duyğuların ifadəsi olduğunu qeyd etməliyik. Hər iki əsərdə rənglərin ovqatyaratmaq gücündən ustalıqla istifadə edən müəllif həm el kədərini, həm də el sevincini eyni uğurla bədiiləşdirib.

“Qız qalası əfsanəsi”nə bu vaxta qədər rastlaşmadığımız bədii şərh verən rəssam, baş verənlərdə suçsuzluğu birmənalı olan qızın ruhunun asimana yüksəldiyinə cəlbedici obrazlı görkəm verə bilib. Tikilinin və “ruh”un əhatələndiyi mənzərənin nikbinliyində də onun bu “gediş”inə bədii müəllif təqdiri duyulmaqdadır. İlhamə Qurbanovanın digər süjetli lövhələrinin məna-məzmun daşıyıcılığında da insan yaşantılarına hamını duyğulandıra biləcək yanaşma mövcuddur. Odur ki, istər “Sevgi”nin, istərsə də “Müjdə” və “Yuxu”nun leytmotivində, artıq yaşanmışlarla yanaşı, arzulananların da estetikasında ümid işığı görünməkdədir. Əksər hallarda obrazlı bədii şərhlə gerçəkləşən bu müəllif təqdimatlarında həm də düşündürücülük qərarlaşdığından, görünənlər arzu-tablo kimi də qəbul olunur.

Rəssam yuxarıda incələdiyimiz əsərlərində olduğu kimi, çəkdiyi mənzərələrində də ovqatyaradıcılığa meyillidir. Çünki o, təbiətin ən müxtəlif çağlarını sadəcə, təsvir etmək xatirinə bədiiləşdirmir. Onun an seçimində əvvəlcədən aparılan davamlı müşahidələrin nəticəsi hiss olunmaqdadır. Günün iki təzadlı məqamını – sübh çağını və qürubu görüntüyə gətirən müəllifin açıq dənizdə günəşin öləziməsinə və qədim kənd evlərinin qaranlığa qərq olmasına verdiyi bədii yozum real – gerçəkçi yanaşma ilə reallaşdığından, görünənlər inandırıcı və yaddaqalandır...

Rəssamın çəkdiyi rəngkarlıq və qrafik portretlərində də insan psixologiyasına nüfuz etmə istəyi hiss olunmaqdadır. Bunun üçün müəllifin seçdiyi bədii yanaşma da məntiqlidir. Belə ki, real-gerçəkçi vasitələrlə müxtəlif insan yaşantılarını daha inandırıcı ifadə etmək mümkündür.

Sonda məlumat üçün bildirək ki, həyat yoldaşı, tanınmış fırça ustası Qüdrət Qurbanovla birlikdə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə təhsil almış İlhamə xanım çoxdandır  Moskvada yaşayır. Odur ki, onun bədii irsi Azərbaycanla yanaşı, Rusiyanın, o cümlədən dünyanın bir çox ölkələrinin də sənət xiridarlarına tanışdır. “Dünya Xalqlarının İncəsənəti” Beynəlxalq Assosiasiyasının üzvü olan həmyerlimiz öz yaradıcılığında ənənə və müasirliyin qovşağını yaşadan sənətkar kimi tanınmaqdadır. O həm də Rusiya Xalqlar Dostluğu Universitetinin Landşaft memarlığı ixtisası üzrə məzunudur. Əlavə edək ki, rəssam beynəlxalq “Naxçıvan bəşəriyyətin beşiyidir” (2012) və “Qəbələ-2016” rəsm festivallarının iştirakçısı olub, 2013-cü ildə Moskvada Marina Svetayevanın Ev-Muzeyində fərdi sərgisi təşkil olunub...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor