G20 Konfessiyalararası Forumunda dünyaya bir daha bəyan edildi

 

Sentyabrın 12-dən 14-dək İtaliyanın Bolonya şəhərində G20 Sammiti çərçivəsində Konfessiyalararası Forum (G20 İnterfaith Forum) keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Forumda iştirak edib.

2014-cü ildə ilk dəfə Avstraliyada keçirilən Forum hər il G20 sammitini qəbul edən ölkədə təşkil olunur. Ötən illərdə “G20 İnterfaith Forum”u Türkiyə (2015), Çin (2016), Almaniya (2017), Argentina (2018), Yaponiya (2019) və Səudiyyə Ərəbistanında (2020) keçirilib. Bu il “Böyük iyirmilik” sammitinə oktyabr ayında İtaliya ev sahibliyi edəcək. “G20 İnterfaith Forum”un gündəliyi dinlərarası dialoqdan təhsil, səhiyyə və humanitar yardımadək geniş humanitar spektri əhatə edir. Bolonyada keçirilən Forumda da bir sıra aktual mövzular diqqətə alınıb.

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 13-də Forumun “Təhsil və dini müxtəliflik” mövzusunda sessiyasında çıxış edib.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.

İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, – deyə nazir çıxışında qeyd edib.

Anar Kərimov bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.

Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlər arasında dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.

Nazir qeyd edib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda bir çox abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırır. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.

 

“Mədəniyyət və təhsil vasitəsilə istədiyimiz gələcəyi təmin edəcəyimizə inanıram”

 

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşısını birdəfəlik almaq məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və bu çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini diqqətə çatdırıb.

Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycan otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərini 2020-ci ildə azad edib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz bu illər ərzində hərbi təcavüzə, ərazilərinin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh çağırışlarını irəli sürür.

Nazir çıxışının sonunda mədəni müxtəlifliyin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha qeyd edib. “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin edəcəyimizə inanıram”, – deyən Anar Kərimov Forumun işinə uğurlar arzulayıb.

Sessiyada çıxış edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos sülh anlayışının və sülh naminə fəaliyyətlərinin daha sıx şəkildə önə sürülməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd edib.