Azərbaycan

 

18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü milli musiqi bayramı (“Üzeyir Musiqi Günü”) kimi qeyd olunur.

18 sentyabr 1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət silahdaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operaları və s. əsərlərin müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun Musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

18 sentyabr 1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdi oğlu Əmirov (1908-1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.

18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.

18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Şair Təbriz yaxınlığındakı Xoşginab kəndində doğulub, dəqiq təvəllüdü məlum deyil. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeirlər yazıb.

18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.

 

19 sentyabr 1920 – Bakıda Azərbaycanın maarif və sosialist mədəniyyəti işçilərinin qurultayı işə başlayıb.

19 sentyabr 1973 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (7.9.1914 – 1973) vəfat edib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

19 sentyabr 1992 – Görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.

19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların, filmlərə musiqilərin, populyar mahnıların müəllifidir. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

19 sentyabr 2011 – Bakıda görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun abidəsinin (heykəltəraş – Namiq Dadaşov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

19 sentyabr 2016 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Ələkbər Rauf oğlu Kazımovski (10.7.1953 – 2016) vəfat edib.

 

20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfqulu oğlu Nəcəfov (1918-1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.

20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də filmlər çəkib.

 

21 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Məşədi Rza oğlu Zeynalov (1865 – 22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.

21 sentyabr 1922 – Azərbaycanda latın qrafikalı əlifba ilə ilk mətbu orqan – “Yeni yol” qəzeti nəşrə başlayıb.

21 sentyabr 1938 – Tanınmış şairə, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 – 20.12.2014) Bakıda doğulub. Azərbaycan Televiziyasının diktoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Var olun, qızlar...” filmində çəkilib.

21 sentyabr 1982 – Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898–1982) vəfat edib. Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.

 

Dünya

 

18 sentyabr 1905 – Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.

 

19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.

 

20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878-1968) anadan olub.

 

21 sentyabr 1866 – İngilis yazıçısı Herbert Uells (Herbert George Wells; 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.

21 sentyabr 1911 – Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.

Hazırladı:  Vüqar ORXAN