Anar Kərimov Xivədə bir sıra görüşlər keçirib

 

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərinə səfəri zamanı bu ölkənin rəsmiləri ilə görüşlər keçirib.

Sentyabrın 15-də Anar Kərimovun Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü olub.

Baş nazirin müavini nümayəndə heyətini salamlayaraq əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin bu gün uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu olduğunu vurğulayıb. O, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərini çatdırıb, Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.

Aziz Abduhakimov 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakından söhbət açıb, səfər çərçivəsində İçərişəhərdə olduğunu xatırladıb. Bakının bu tarixi məkanının Xivə şəhərinin qədim qala və tikililərinin olduğu məhəlləsi – İçan-qala qoruğu ilə oxşarlığından, İçərişəhər təcrübəsinin qoruqda tətbiqi barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Anar Kərimov Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Daha sonra nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm barədə məlumat verib. Bildirib ki, 30 illik işğal zamanı Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi abidələr, məscidlər də daxil olmaqla, bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və yenidənqurma işləri aparılır.

Görüş zamanı yeni konservasiya və bərpa mərkəzlərinin, arxeoloji ekspedisiyaların yaradılması, mədəniyyət sahəsinin dəstəklənməsi məqsədilə müvafiq fondların təsis edilməsi ilə bağlı Özbəkistan təcrübəsinin bölüşülməsi məsələsinə diqqət çəkilib. Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, Özbəkistanın müvafiq təhsil ocaqlarında bu sahədə təhsil barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Özbəkistanda məşhur olan xalq sənətkarlığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə söhbət açılıb.

***

Həmin gün Anar Kərimov Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşüb. Nazir ilk olaraq Özbəkistana dəvət üçün təşəkkürünü bildirib, keçirilən tədbirləri yüksək qiymətləndirib. Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü barədə söhbət açan Anar Kərimov müzakirə olunan məsələlər haqqında məlumat verib.

Görüşdə Özbəkistanda xalq sənətkarlığının inkişafı xüsusi vurğulanıb, birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Həmçinin tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər diqqət mərkəzinə çəkilib. Bundan əlavə, “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO, TÜRKSOY və Türk Şurası çərçivəsində əməkdaşlığının gücləndirilməsi, UNESCO-nun müvafiq siyahıları üçün Azərbaycan və Özbəkistan tərəfindən birgə nominasiyaların hazırlanmasının əhəmiyyəti qeyd olunub.

Nazirlərin görüşündə həmçinin Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi və gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.