Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyi və Mincivan qəsəbə Uşaq musiqi məktəbinin kollektivi Aprel döyüşləri şəhidi Müşfiq Orucovun ailəsinə baş çəkib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi “Torpağı Vətən edənlər” layihəsinə başlayıb. Layihənin ilk qonağı Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin valideynləri olub. Əvvəlcə şəhid zabit haqqında videoçarx nümayiş olunub. Sonra Anar Əliyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söhbət açılıb.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Qaysa kənd Folklor evində Milli Qəhrəman Arif Qubadovun (1966-2009) 55 illiyi ilə əlaqədar “Qəhrəmanlar unudulmur” başlığı altında dəyirmi masa təşkil edilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evinin əməkdaşları Xocavənd qəsəbəsindəki Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşları II Qarabağ müharibəsi şəhidi Emil İsmiyevin məzarını və adına inşa edilmiş bulaq kompleksini ziyarət ediblər.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan “Torpağın naləsi” adlı tamaşa virtual formatda nümayiş etdirilib. Tanınmış jurnalist Əlihüseyn Şükürovun ssenarisi əsasında hazırlanan tamaşada Vətənə sədaqət, yurd həsrəti önə çəkilib, eyni zamanda işıqlı sabaha inam və nikbinlik ifadə olunur. Nümayişdən sonra çıxış edən regional idarənin rəisi Bəxtiyar Qılıncov bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Yusifcanlı kənd Mədəniyyət evində Vətən müharibəsi şəhidi Elvar Qasımovun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, regional idarənin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

NURƏDDİN