18 sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirildi. Milli Konservatoriyanın həyətində musiqi bayramı münasibətilə konsert proqramı təqdim olundu.

Əvvəlcə tədris ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, bu il musiqi bayramı ölkəmizdə xüsusi ab-havada, Qələbə ruhu ilə qeyd olunur, Üzeyir bəyin əsərləri Şuşada səslənir.

Mədəniyyət naziri Anar Kərimov hər il ənənəvi olaraq Milli Musiqi Günündə açılışı keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ölkəmizin, mədəniyyətimizin dünyada tanıdılmasında əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Milli Musiqi Günü və Üzeyir bəyin adını daşıyan festivalın ilk konserti bu gün onun doğma şəhərində, azad Şuşada keçirilir. Festivalın konsertləri Ağdamda, Gəncədə də təşkil ediləcək.

“Artıq biz Şuşada – mədəniyyətimizin paytaxtında “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik. Beləliklə, Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını və ölməz əsərlərini bir daha dünyaya təqdim edəcəyik”, – deyə Anar Kərimov vurğuladı.

Nazir çıxışının sonunda bir daha bütün musiqisevərləri əlamətdar gün münasibətilə təbrik etdi.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında Üzeyir Hacıbəylinin musiqisinin hər zaman bizimlə olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.

Sonra musiqi proqramı təqdim edildi. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Rəvanə Əmiraslanova və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirildi.

N.MƏMMƏDLİ