Sentyabrın 18-də Milli Musiqi Gününün əsas təntənəli tədbiri Bakı Musiqi Akademiyasının qarşısında – Üzeyir Hacıbəylinin heykəli önündə keçirildi.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərim, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, ənənəyə sadiq qalaraq Milli Musiqi Gününü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da qeyd edirik: “Bu il Bakı Musiqi Akademiyasının yaradılmasının 100 ili tamam olur. Mən bu münasibətlə burada çalışan bütün kollektivi təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram”.

Nazir vurğuladı ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Builki Milli Musiqi Günü əvvəlki illərdəkindən fərqli keçirilir. 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğma Şuşa şəhərində səslənir.

Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə, musiqimizə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin hamisi kimi müstəsna fəaliyyətini diqqətə çatdıran nazir bildirdi ki, məhz bunun nəticəsi olaraq Üzeyir Hacıbəylinin, onun əsərlərinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Üzeyir Hacıbəyli adına festival keçirir.

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış sənətkar olduğunu vurğulayan Anar Kərimov söylədi ki, dahi bəstəkarın qoyduğu ənənələrə sadiq qalaraq musiqimizi inkişaf etdirməli, onu yad təsirlərdən qorumalıyıq.

2021-ci ilin ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edildiyini deyən nazir qeyd etdi ki, ənənəvi olaraq 18 sentyabrda – Milli Musiqi Günündə başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında da Nizamiyə, onun irsi ilə bağlı musiqi əsərlərinə xüsusi yer ayrılacaq. Beləliklə, bu festival vasitəsilə iki dahimizi bir araya gətirəcəyik.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli də təhsil ocağının 100 illik yubileyindən bəhs edərək söylədi ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır: “Üzeyir Hacıbəylinin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub. Heç bir müsəlman ölkəsində belə bəstəkarlar və musiqi mədəniyyəti yoxdur. Ona görə də biz mədəni sərvətimiz olan musiqi irsimizi mütləq saxlamalı, daima inkişaf etdirməliyik”.

Daha sonra Müdafiə Nazirliyi Nümunəvi Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nümunələri təqdim olundu.

N.MƏMMƏDLİ