Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti də Şuşada keçirilib...

 

Sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü qeyd edilib və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti keçirilib.

Tədbirdə iştirak edən nümayəndə heyəti əvvəlcə Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvan və Bülbülün 1992-ci ildə Şuşanın işğalı zamanı erməni vandalizminin qurbanı olmuş və tarixdə “güllələnmiş heykəllər” kimi qalacaq büstlərinin önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev hələ illər öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir bəyin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin sözləri Vətən müharibəsindən sonra, 2021-ci ilin yanvarında reallığa çevrildi. Dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən bu qədim şəhərə gələn qonaqları salamlayır.

Sonra qonaqlar Bülbülün yeni bərpa olunmuş ev-muzeyini ziyarət edib, Natəvan bulağına baş çəkiblər.

Musiqi bayramı Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldıldığı parkda keçirilib.

Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Abidə 1992-ci ildə erməni vandalizminə məruz qalaraq məhv edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.

Tədbiri açan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, ulu öndər Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən qeyd olunan Milli Musiqi Günü bu il Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş Şuşada keçirilir: “Bu tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtilə erməni vandallarının dağıtdığı və bu il avqustun 29-da Prezidentimizin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında təşkil olunub. Digər maraqlı məqam ondan ibarətdir ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri yüksək səviyyədə bərpa olunur.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev azad Şuşada ilk dəfə Milli Musiqi Gününün qeyd olunmasının tarixi hadisə olduğunu vurğulayıb. Bildirib ki, Şuşada ilk dəfə qeyd olunan Milli Musiqi Günündə dahi bəstəkarın adını daşıyan festivalın da ilk konserti keçirilir. Nazirin birinci müavini Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olaraq bundan sonra da bir çox tədbirlərə ev sahibliyi edəcəyini vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” Musiqi Festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini söyləyib.

Çıxışlardan sonra Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı Xalq çalğı alətləri orkestrinin (dirijor – Xalq artisti Ağaverdi Paşayev) ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqa bəstəkarların əsərləri səsləndirilib. Xalq artisti Mənsur İbrahimov, Əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin bənzərsiz nümunələrini təqdim ediblər.