Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda müsabiqə 20 sentyabr – 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” dünya sərgisində Azərbaycan pavilyonunun ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq.

2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarıbülbül” hoteli), 3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaq.

Məqalələr, fotolar və televiziya süjetləri yeni (əvvəllər hər hansı müsabiqəyə təqdim edilməyən) olmalı, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir.

Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-in nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər. Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər.

Məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkara fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmamalıdır.

Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır. Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” qeydi (titri) olmalıdır.

Müsabiqəyə materiallar fikrat.tahmazov@tourism.gov.az ünvanına göndərilməlidir.

Əlavə məlumatı Dövlət Turizm Agentliyinin müsabiqə üzrə əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).