Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb. Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış “Koroğlu” operası artıq bir çox musiqi platformalarında yer alıb.

“Azərbaycan klassik opera janrımızın şah əsəri olan “Koroğlu” operası böyük tarixi bir yol keçmişdir. Opera müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilmişdir. “Koroğlu” operası sonuncu dəfə 1959-cu ildə maestro Niyazinin rəhbərliyi altında lentə alınmışdı. Yaradıcı heyətlə belə bir qərara gəldik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə operanı lentə alaq. Düşünürəm ki, bu, ölkəmizin hüdudlarından kənarda da Azərbaycan musiqisinin təbliğinə, Üzeyir bəyin əziz xatirəsinə töhfə olacaq. Fürsətdən istifadə edib səs yazılışında iştirak edən bütün yaradıcı kollektivə minnətdarlığımı bildirirəm”, – deyə Ramil Qasımov söyləyib.

Operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir. Əsas partiyaları Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov, Taleh Yəhyayev ifa ediblər.