Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramı var

 

Azərbaycan klassik musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və 2009-cu ildə əsası qoyulan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı pandemiyanın doğurduğu məcburi fasilədən sonra yenidən ənənəvi formatda – canlı konsert proqramları və tədbirlərlə sənətsevərlərin görüşünə gəlib.

Hər il sentyabrın 18-də – dahi bəstəkarın doğum günündə açılan və müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları bir araya gətirən beynəlxalq festivalı 2020-ci ildə keçirmək mümkün olmamışdı və o, telefestivalla (öncəki festivalların konsert proqramlarının nümayişi) əvəzlənmişdi. Bu il festival, hələ davam edən pandemiyanın bir sıra məhdudiyyət və qaydaları çərçivəsində də olsa, yenidən ənənəvi formatını bərpa edib. Festivalın xaricdən – Rusiya, ABŞ və Polşadan da iştirakçıları var.

Ən önəmlisi isə, bu musiqi bayramının sədası ilk dəfə Üzeyirin doğma şəhərindən gəldi, festivalın ilk konserti mədəniyyətimizin paytaxtı Şuşada keçirildi.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, eləcə də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən festivalın zəngin proqramı var. Sentyabrın 24-dək davam edəcək festivalın konsert və tədbirlərinə paytaxtda Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Kamera və orqan musiqisi zalı, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonu, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli İncəsənət Muzeyi, digər mədəniyyət məkanları ev sahibliyi edir. Həmçinin iki konsert proqramı Gəncə Dövlət Filarmoniyasında (22 sentyabr) və Ağdam Mədəniyyət evində (23 sentyabr) keçiriləcək. Builki festivalda ilk dəfə “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqram üzrə gənc musiqiçilərin silsilə konsertləri də təşkil olunur.

***

Koronavirus pandemiyası səbəbindən qapıları bağlı qalan teatr-konsert müəssisələrindən biri də klassik musiqimizin əsas evi sayılan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası idi.

Xalqımızın sənət, yaradıcılıq bayramına çevrilən 18 sentyabr – Milli Musiqi Günündə bu sənət məbədi də qapılarını tamaşaçılarının üzünə açdı. Rəsmilər, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər konsert salonunda yerlərini aldılar. Hər birinin də üzündə sevinc və həyəcan qarışıq xoş bir ifadə...

Üzeyir Hacıbəylinin adı ilə şərəflənən XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi bu salonda keçirildi.

Festivalın rəsmi açılış nitqini edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov musiqimizin təntənəli günü münasibətilə hər kəsi təbrik etdi.

Ötən il pandemiya səbəbindən təxirə düşən bu festivalın musiqisevərlər tərəfindən səbirsizliklə gözlənildiyini bildirən nazir qeyd etdi ki, Üzeyir Hacıbəylinin yaradıcılıq irsi, musiqi mirası xalqımızın dəyərli xəzinəsidir və musiqisevərlər onun yaratdığı bənzərsiz əsərləri hər zaman sevə-sevə dinləyir və yaşadırlar. Nazir bu il davam edən pandemiyaya, müəyyən məhdudiyyətlərə baxmayaraq, qüvvədə olan qaydalar çərçivəsində bu festivalın keçirilməsinə nail olduqlarını və bundan məmnunluq duyduqlarını dilə gətirdi. Vurğulandı ki, 13-cü dəfə təşkil edilən bu festival böyük ənənənin davamı, Üzeyir irsinə ümumxalq sevgisinin nümunəsidir. Anar Kərimov diqqətə çatdırdı ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dahi bəstəkarın doğum günü – 18 sentyabrın Milli Musiqi Günü kimi təsis edilməsi eyni zamanda Üzeyir Hacıbəyliyə xalq sevgisinin təntənəsi idi.

Ü.Hacıbəylinin Azərbaycan musiqisinin klassik Avropa musiqisi ilə uzlaşmasına, sintezinə nail olaraq dünyada tanınmasında müstəsna yeri olduğunu deyən nazir bəstəkarın misilsiz xidmətlərinin davamı kimi musiqi sənətimizin keyfiyyətcə yeni mərhələyə qalxdığını vurğuladı. Üzeyir irsinin daim təbliğ olunması və bizə miras əsərlərinin yaşadılıb yeni nəsillərə ötürülməsinin vacibliyini qeyd edən natiq bəstəkarın adını daşıyan festivalın məqsədlərindən birinin də bu olduğunu dedi.

Builki festivalın məxsusi önəmindən söz açan Anar Kərimov bildirdi ki, biz hər zaman bu festivalı dahi bəstəkarın boya-başa çatdığı Şuşa şəhərində keçirməyi arzulamışıq və uzun illər ürəyimizdə baş qaldıran bu istəyimizin reallaşması üçün dua etmişik. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Qarabağımızı, doğma Şuşamızı bizə qaytardı: “Xoşbəxtik ki, bu festivalın sevincini hal-hazırda Şuşada da yaşayırıq. Biz sevinirik ki, doğma Şuşamıza mədəniyyətimiz, Azərbaycan kimliyi qayıdır və bu artıq dönülməz prosesdir. Sevindirici haldır ki, cənab Prezidentimiz tərəfindən bərpa edilən Şuşamızda bu il “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və nəhayət, Üzeyir Hacıbəyli festivalının da bir konserti keçirildi. Beləcə, bütün dünyaya bu torpaqların əsl sahiblərinin kimlər olduğunu və Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu bir daha göstərdik”.

Nazir builki festivalın digər özəlliyi kimi ölkə başçısı tərəfindən elan olunan “Nizami Gəncəvi İli” münasibətilə şairin irsinə geniş yer verildiyini də diqqətə çatdırdı. Qeyd etdi ki, festival konsertlərində görkəmli bəstəkarlarımızın Nizami irsindən, onun fəlsəfəsindən ilhamlanaraq yaratdıqları ölməz əsərlər də təqdim olunacaq.

Həmçinin vurğulandı ki, festivalı fərqləndirən daha bir xüsusiyyət öz ideyalarını reallaşdırmaq istəyən gənclərə diqqət ayrılmasıdır. Festival proqramı çərçivəsində tanınmış musiqiçilərlə yanaşı onların yaradıcılığına, ifalarına, debütlərə də yer veriləcək.

Anar Kərimov cari festivalla bağlı ilklərdən biri kimi bu il ABŞ-da Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsinin keçirilməsindən də bəhs etdi. Bildirdi ki, dahi bəstəkarın irsinin plagiatdan qorunması və geniş təbliğ olunması məqsədilə keçirilən müsabiqədə 26 ölkədən 50 bəstəkar iştirak edib və bu müsabiqənin qala-konserti və təltifolunma mərasimi də festival proqramına daxil edilib.

Çıxışını “Üzeyir Hacıbəylinin rəhbərliyi altında Azərbaycanda milli bəstəkarlıq məktəbi yaranıb, yeni nəsil musiqiçilər onun əsərlərindən, yaradıcılığından təsirlənərək formalaşıb. Bu mənada Üzeyir Hacıbəyli nəinki keçmişin, eləcə də sabahın musiqiçisidir və onun yaradıcılığı dünya musiqi irsinin ayrılmaz parçasıdır. İllər sonra da bu ölməz musiqinin sədasını eşidəcək və ondan qürur duyacağıq. Necə ki, biz indi Azərbaycan xalqı olaraq zəngin mədəniyyətimizlə qürur duyuruq, eləcə də ölməz Üzeyir Hacıbəyli əsərlərindən də qürur duyur və duyacağıq. Nə qədər ki Azərbaycan xalqı var, o qədər də Azərbaycan mədəniyyəti və Üzeyir Hacıbəyli musiqisi var olacaq” sözləri ilə tamamlayan nazir festivalın işinə uğurlar arzuladı.

Sonra söz musiqiçilərə verildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti (bədii rəhbər və dirijor – Xalq artisti Rauf Abdullayev) ilə konsert proqramı təqdim olundu. Qocaman maestronun idarəsi ilə orkestrin ifa etdiyi musiqi inciləri ruhumuzun səsinə çevrilib filarmoniya salonunda pərvazlandı.

İlk olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirildi. Salon əzəmətli musiqinin sədaları altında cəng ruhuna, qalib ovqata kökləndi. Orkestr notdan nota keçid etdikcə gözlər önündə azad Qarabağımız, nazlı Şuşamız, qalib əsgərimiz, yaraları sarılıb, yenidən qurulan yurd yerlərimiz – Ağdamımız, Füzulimiz, Cəbrayılımız, Zəngilanımız, Qubadlımız, Kəlbəcərimiz, Laçınımız canlanırdı.

Bu qürur qarışıq mübariz hisslərin yerini ölməz Fikrət Əmirovun “Şur” simfonik muğamı tutdu. Bənzərsiz muğam nümunələrinin dünyəvi klassik musiqi ilə sintezindən yaranan “Şur” zərrə-zərrə ruhumuza səpələnib, duyğularımıza özünüifadə azadlığı verdikcə Fikrət Əmirov təkrarsızlığı yenidən öz təsdiqini tapdı.

Sonra şəxsiyyəti kimi yaradıcılığı da bənzərsiz olan Arif Məlikovun musiqi incilərindən birini – “Fortepiano və orkestr üçün konsert”ini dinlədik. Xalq artisti, pianoçu Murad Adıgözəlzadənin yüksək peşəkar ifa maneraları sayəsində çoxçalarlı musiqinin bütün ladlarında bir daha Arif Məlikov sənətinin qüdrətinə təslim olduq...

Həmidə NİZAMİQIZI