Sentyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında "Gənclərə dəstək" layihəsi iştirakçılarının "Üzeyir sənətinin gənclik sədaları" adlı konserti keçirildi.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektoru Yeganə Axundova, media nümayəndələri və musiqisevərlər iştirak edirdi.

Konsertdən öncə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, bu il bir sıra əlamətdar günlərlə zəngindir: "Bir neçə gündən sonra şanlı Zəfər qazandığımız Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının açılış konsertini mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirdik. Keçən il bu vaxt xəyalımıza belə gətirməzdik ki, bu hadisə baş verəcək. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, liderliyi sayəsində Ordumuz torpaqlarımızı işğaldan azad etdi".

Builki festivalın özəlliyindən danışan Elnur Əliyev bildirdi ki, musiqi bayramında ideyalarını reallaşdırmaq istəyən gənclərə daha çox yer ayrılıb: "Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqram təqdim olundu və bu, gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradır. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli də əsas diqqətini gənclərin yetişdirilməsinə vermişdi. Bizlər də bu ənənələri davam etdirməliyik. Çünki Azərbaycanın gələcəyi peşəkar gənclərin səviyyəsindən asılı olacaq".

Sonra söz musiqiçilərə verildi. İlk olaraq səhnəyə çıxan Aynurə Abdullayeva (piano) və Ümidə Abbasova (violin) gənc bəstəkar Yusif Abbasovun violin və piano üçün “Zəfər süitası” əsərini ifa etdilər.

Tamaşaçıları yüksək əhvala kökləyən proqram sonra Fikrət Əmirovun “Ovda” əsəri ilə davam etdi. Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını Fatimə Əliyevanın pianoda səsləndirməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

F.Əmirovun “Azərbaycan elləri”, Tofiq Bakıxanovun “Sirto”, Elmira Nəzirovanın fortepiano üçün iki prelüd, Niyazinin “Arzu”, Azər Dadaşovun fortepiano üçün konsert pyesləri – “Atmacalar”, Lalə Əhmədovanın fortepiano üçün “Şur” naxışları” pyesi, Adil Bəbirovun “Prelüd-skertso” və Yuri Hubayın “Karmen-fantaziya” əsərləri musiqi gecəsinə əlavə rəng qatdı.

Proqramın digər musiqili qonaqları Xanım Quluzadə (piano), Teymur Kazımov (vokal), Surə Rüfət (violin), Hidayət Sadıqbəyli (piano), Nərgiz Kəngərli (piano) və Cəlal Kərimovun (vokal) da ifaları konserti izləyənlərə xoş anlar yaşatdı. Konsert proqramına Nuranə Əliyeva (piano), Lalə Əhmədova (piano) və Sevda Cəbrayılovanın (qanun) çıxışları ilə yekun vuruldu. Solistləri Dilarə Kərimova, Svetlana Əhmədova və Arzu Səfərova (hər üçü piano) müşayiət edirdilər.

NURƏDDİN