Ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsi keçirilir.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.

Sentyabrın 20-də başlanan müsabiqə noyabrın 6-dək davam edəcək. Müsabiqə iki (şeir və mahnı) nominasiya üzrə 2 yaş (7-14, 15-20) qrupunda keçirilir.

Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaq.