AMEA Folklor İnstitutunda 27 sentyabr – Anım Günü ilə bağlı “Dastanlaşan şanlı Zəfər” adlı tədbir keçirilib. Əvvəlcə Qarabağ savaşında canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov tədbiri açaraq 44 günlük savaşın və əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, Azərbaycan dövləti bu Qələbəni şəhidlərin qanı, canı hesabına əldə edib. Azərbaycan uzun illər məsələnin siyasi həlli üçün çalışıb, diplomatik danışıqlar aparıb. Qeyd olunub ki, BMT-nin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dörd qətnaməsi olsa da, qarşı tərəf bu qətnamələrin heç birini yerinə yetirməyib.

Akademik bildirib ki, Ordumuzun şanlı Qələbəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi gücünü artırmaq üçün geniş imkanlar açıb.

Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat Baş İdarəsinin təqaüddə olan əməkdaşı, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov bildirib ki, kifayət qədər yeni nəsil silah-sursat və texnika ilə təmin olunan Azərbaycan Ordusu yüksək döyüş bacarığı, Ali Baş Komandanın iradəsi, gənclərin Vətən sevgisi ilə bu müharibədə Zəfər qazanıb.