Yurd yerlərimizin yağı tapdağı altında qaldığı illərdə qəriblik çəkən, doğma insanlarının hənirtisinə, nəfəsinə həsrət qalan təkcə torpağın özü, onun üstündəki tar-mar və talan edilmiş ev-eşiklərin xarabalıqları, qol-budağı kəsilmiş, qurumuş ağaclar deyildi. O torpaqlarda qalan və tarixin görmədiyi bir barbarlığın – erməni vandalizminin şahidi olan məzar yerləri bu hənirtiyə, nəfəsə, doğma insanın ayaq səsinə, əslində, daha çox həsrət idi...

İllərin ayrılığından sonra doğma yurda ayaq basmaq imkanı qazanan hər kəsin ilk ziyarət ünvanı da bu yerlərdir. Dağıdılmış, qazılmış məzarlar, sinə daşıları, başdaşılar parça-parça edilmiş qəbirlər – tam bir goreşənliyə məruz qalmış belə məkanlardan biri də Cəbrayıl rayonunun Quycaq kəndinin qəbiristanlığıdır. Burada Quycaq kəndinin Birinci Qarabağ müharibəsində şəhid olmuş oğulları da uyuyur. Onlardan biri Arif Turaboğludur.

Arifin atası Turab kişi İkinci Dünya müharibəsi əlili idi. Müharibədən ona “qalan” təkcə əlil arabası deyil, həm də keçdiyi od-alovdan, yaşadığı əsirlik həyatından sonra hərbidən tərxis sənədinə yazılmış yeni ad-soyad idi: Nikolay Alekseyev. O zamanlar sovetin yazısına pozu yox idi.

Arif də 20 sentyabr 1952-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində dünyaya bu soyadla gəldi, yaşadı, ailə sahibi, üç qız övladının atası oldu, 41 yaşında şəhidlik zirvəsinə ucaldı. Məzar daşına belə yazıldı: Arif Nikolay oğlu Alekseyev...

Quycaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1973-cü illərdə Rusiyanın Yaroslavl şəhərində hərbi xidmətdə olmuş, hərbi xidməti yüksək dərəcəli radio-teleqrafçı kimi uğurla başa vurmuşdu. Sonra Orenburq şəhərində sürücülük məktəbində oxumuş, vətənə qayıtmışdı. 1974-cü ildən Cəbrayıl rayonunda müxtəlif idarə-təşkilatlarda, rayon avtonəqliyyat müəssisəsində sürücü işləmişdi.

Peşəkarlığı, işə canıyananlığı, ən əsası isə, mərdliyi, fədakarlığı, vətənsevərliyi ilə çalışdığı kollektivin, onu tanıyan hər kəsin dərin rəğbətini, xətir-hörmətini qazanmışdı.

Nankor qonşularımızın torpaqlarımıza iddialarının başlandığı ilk günlərdən Vətən təəssübü, torpaq qeyrəti, yurd yanğısı onun da ürəyinə od salmışdı. 1991-ci ildən keçmiş Hadrut rayonunun ermənilər yaşayan kəndlərindən Cəbrayıl rayonunun yaşayış məntəqələrinə silahlı hücumların qarşısının alınması üçün aparılan əməliyyatlar zamanı polis əməkdaşlarını, özünümüdafiə batalyonu əsgərlərini avtobusla döyüş postlarına çatdırarkən dəfələrlə güllə-mərmi yağışından keçmişdi. 1993-cü ilin iyunundan isə həm də hərbi xidmətə yazılmışdı. Taqım komandirinin müavini kimi ən qaynar döyüşlərə qatılmış, ölümlə üz-üzə gəlmiş, qurtulmuşdu.

2 iyul 1993-cü il tarixinədək...

Arifi uşaq yaşlarından tanıyan, onun müəllimi olmuş Mükafat Əliyevin illər sonra qələmə aldığı “Ömür də bir yoldur” (2007) kitabındakı xatirə yazısında oxuyuruq:

“...İş yoldaşları, döyüşçü dostları, hətta polis komandirləri bəzən ifrat dərəcədə hövsələsiz olduğuna, özünü oda-közə atdığına görə Arifi məzəmmət edərdi, ona “dəhşətdir xasiyyətin” deyərdilər. O isə günün hər hansı bir vaxtında döyüşçülərlə dolu avtobusunu ən qorxulu postlara sürər, “trofey” avtomatını çiyninə aşırar, əmr gözləyərdi.

Hərçənd əmrə müntəzirliyi sevməzdi Arif. Onun özünün özünə əmri bəzən baha başa gəlirdi...

...Lənətə gələsən, tufanlı gün! 2 iyul 1993-cü il. Göyün üzü par-par parıldayır. Top mərmiləri leysan yağışı kimi rayonun mərkəzini döyürdü. Erməni quldurları nəyin bahasına olur-olsun Quşçular kəndindəki postu ələ keçirməyə çalışırdı. Partlayışlardan yer lərzəyə gəlirdi. Arifin idarə etdiyi “PAZ” markalı avtobusda döyüş yerinə tələsən polis və özünümüdafiə batalyonunun igidləri “Haydı, Vətən naminə!” qışqırıb alova atılırdı... Xeyli aralıda, düşmənlə üzbəüz görünən PDM yerindəcə fırlanır, amma atəş açmırdı...

Arif bir göz qırpımında özünü qayalıqlardan aşağı ataraq PDM-ə tərəf yürüdü. Maşının içərisinə girəndə sükandan yapışmış atıcının canını tapşırdığını gördü. Laxtalanmış qan ətrafa səpələnmişdi. Bir andaca dəli bir insan kimi maşını düşmənin üstünə yönəltdi, dalbadal sarsıdıcı mərmi atəşləri açaraq sanki yeri, göyü, bütün canlıları köməyə çağırırdı. Hirslə qışqırır, yoldaşlarını köməyə səsləyirdi... Amma düşmən də onun idarə etdiyi maşını hədəfə almışdı... Bir anlığa sağ əlini yuxarı qaldırmaq istəyirdi ki... “Nurs” (idarəolunmayan reaktiv mərmi) qurğusundan açılan atəş PDM-in içini qana boyadı...”.

Vaqif Məhərrəmov (rayon polisinin keçmiş rəisi): “O, Cəbrayıl polisi ilə birgə döyüşə gedirdi. İgid, cəsur insan idi. Son döyüşdə PDM-lə düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv elədi...”.

Döyüş yoldaşı Kənan Babayev: “Arif həm peşəkar sürücü, həm də döyüşçü idi. Elə postlarımız vardı ki, düşmənin atəş nöqtəsindən keçib gedirdik. Arif o postlara bizi sərbəst şəkildə, sağ-salamat aparıb çıxarırdı...”.

Döyüş yoldaşı Şirvan Quliyev: “Rəhmətlik çox çılğın, özünü oda atan idi... Sanki mələklər onun başı üzərində uçurdu, onu qoruyurdu... Cəbrayıl camaatının karına gələn, hər kəsə təmənnasız kömək edən oğul idi. O, şəhid olanda Cəbrayılda hamının gözü yaşlı idi...”.

Arif torpağa tapşırılandan ayyarım sonra Cəbrayıl rayonu işğal olundu. Həyat yoldaşı Məlahət müəllimə rayonu tərk edəndə onun məzarından bir ovuc torpaq götürmüşdü...

2021-ci ilin 20 sentyabrında 41 yaşlı şəhidin 69 yaşı tamam oldu. Ailəsi, doğmaları 28 ildən sonra onun uyuduğu torpağa, Quycaq kənd qəbiristanlığına ayaq basdılar. 28 il sonra yenidən şəhidin məzarı üzərinə üçrəngli bayrağımız sərildi, başdaşı yerinə şəkli və adı həkk olunmuş lövhə vuruldu. 28 il əvvəl götürülmüş bir ovuc torpaq da əzəli yerinə qovuşdu.

Həyat yoldaşı Məlahət Məhərrəmova: “Dedim, gözün aydın, Arif, torpağın torpağına qovuşdu. Sənin məzarın qəriblikdə idi. Bu gün azaddır. Amma ruhun həmişə bizimlə olub...”.

44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərlə Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisası alındı. Bu gün onların ruhları artıq doğma yurdun azad səmasındadır.

Arifin də ruhu şaddır. Çünki uğrunda qurban getdiyi torpaq azaddır...

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vüqar ORXAN