Bukinistlə söhbət–təəssürat

 

– Murad, ay Murad, mənim kitablarım hanı?

– Nə olub, niyə qışqırırsan? Budur, burdadır. Adə, sənə min dəfə demişəm ki, kitabların varaqlarını yazma, bir bukinist də yaxın qoymadı...

Yəqin məşhur “Uşaqlığın son gecəsi” filmindən bu kadrlar sizin də gözünüzün önündən keçdi. Elə mən də hər kitab yuvasını – fərqi yoxdur, geniş, ya dəbdəbəli mağaza olsun, ya da parklardakı skamyalar üstünə düzülmüş incik və yeni ünvanını gözləyən köhnə, işlənmiş, indinin təbirində ikinci əl, köhnə adamların təyinində bukinist kitabları görəndə bu dialoqu yadıma salıram.

Pandemiyalı yeni tədris ilinin başlanması ilə əlaqədar yenidən yolumu bu ünvanlardan birindən – “Xan xəzinəsi”ndən saldım. Məni bukinist, kitabçı Xan Rəsuloğlu qarşıladı.

Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı bu məkanda əsl kitab burulğanına düşürsən. Özünü bu aləmdə həm rahat, həm də əskinə, narahat hiss edirsən. Səbəb isə çox sadədir: kitabdan qaçışımız.

İsmin 6 halında kitabçı ilə olan söhbət və mağazada apardığımız müşahidələrdən də gəldiyim qənaətə görə, biz kütləvi olaraq kitabla hələ də yaxşı söhbətləşə, dialoq qura bilmirik...


Kitabçı


Xan Rəsuloğlunu çoxumuz tanıyırıq. Sumqayıt və Bakıda iki kitab mağazası-bukinist dükanı işlədir. Kitab ticarəti şəbəkəsi ilə məşğul olsa da, ona kitab taciri demək olmaz. Bunu elə söhbətdə özünə də dedim. Çünki o, kitabın alınıb-satılmasından çox, paylanılaraq oxunmasının, dəyiş-düyüşünün, bir növ kitab dövriyyəsinin, kitabla kitab alışının tərəfdarıdır. İndi belə bir adama nə qədər ticarətçi demək olarsa, o qədər tacirdir. Amma əsas odur ki, kitabı da, kitabı oxuyanı da, alıb evində rəflərə düzüb tozlandıranları da yaxşı ayırd edir.

“Yatsam yuxuma da girməzdi ki, nə zamansa kitab ticarəti, ümumən biznes sahəsi ilə məşğul olaram. Uşaqlıqdan kitaba marağım var idi və valideynlərimin, babamın mənə kökə almaq üçün verdiyi son qəpiyi də kitaba verib evimizə daşıyırdım. Müğənni, kinorejissor, aktyor olmaq istəyirdim, yaradıcılığa marağım var idi. Amma alınmadı, filologiya ixtisası üzrə təhsil aldım. Tələbəliyim 90-cı illərə təsadüf etdi. Ardınca gənc müəllim kimi bir il universitetlərdən birinin rayon filialında dərs dedim. Kitablardan öyrəndiklərimi də tədrisə qatıb tələbələrimə öyrətməyə, kitabı sevdirməyə çalışdım. İstədim onlar bizim kimi “itirilmiş nəslin” nümayəndəsi olmasınlar” deyir.

11 ilə yaxın Azərbaycandan kənarda yaşadığını bildirən kitabçı hər vətənə qayıdanda sovqatının kitablar olduğunu vurğulayır: “Şəxsi kitabxanamda yüzlərlə nadir kitab var və indi də qoruyuram, kirayədən kirayəyə daşıyıram. Kiməsə verməyə, satmağa əlim gəlmir. 90-cı illərin ağır dövründə dostlarım mənə “Gəl, dükan aç” dedilər. Onlara “Mən hara, ticarət hara” sualını verib gülsəm də, özümü kostyum mağazasında tapdım. Bir vaxt evdə kitabları saxlamağa yerim qalmadı və başladım satacağım “qurban” kitablarımı seçməyə. Çətin olurdu onlardan ayrılmaq, amma çarəm də yox idi. Kostyumların yanında da bir masa qoyub kitabları düzdüm. Qiymət də qoymadım, sadəcə, müşahidə elədim. Gördüm yox, arada kostyumdan çox kitaba baxırlar. Başladım satmağa, hədiyyə eləməyə, dəyişməyə. Onu da deyim ki, kitaba onda maraq çox idi. Çünki 90-cı illərdə həm də ciddi kitab çatışmazlığı oldu, nəşriyyatların işi zəiflədi, kitab şəbəkəsi sistemi dağıldı. Həm də mənim rus dilindəki nadir hesab olunan kitablarım alınmağa başladı. Kostyum üzrə püxtələşməsəm də, kitablarım daha çox satılırdı”.


Kitabçının


Söhbətimizdə kitabçının bir fikri xüsusilə xoşuma gəldi. Deyir, istənilən ticarətdə müflisləşmək olar və bu, səni mənəvi tənəzzülə aparar, bircə kitabdan başqa. Çünki sən həm kitabı satır, həm də oxuyursan, yəni o tənəzzülü öz içində əridirsən: “Mən 30 ilə yaxındır kitab ticarətindəyəm, amma özümü tacir saymıram. Çünki tacir qəpiyinin qədrini bilir. Mən isə saysız kitabı pulsuz-parasız vermişəm. Amma baxır kimə. Eləsi var kitab oxumur, heç onun buna ehtiyacı da yoxdur, ancaq pulsuzdu deyə alır və aparıb kiməsə, nəyəsə verir. Belə adamları görən gözüm yoxdur. Bu mənada məndən inciyənlər də çox olur. Mən səxavətli kitabçıyam, axmaq tacir yox. Bax o inciyənlər də sui-istifadə etmək istəyənlərdir”.


Kitabçıya


Dükanda kamera nəzarət sisteminin olmadığını, kitabların hesab-kitabsız, sistemsiz yığıldığını və kitabçının da daha çox başını kitablarla qarışdırdığını görüb “O vaxtlar kitab oğurluğu oğurluq sayılmırdı” ilə diqqətini dağıtmaq istədim.

Başını yeni gətirilən 5-6 torba kitabı çeşidləməkdən qaldırmadan “Həqiqi oxumaq istəyən, lakin kitab ala bilməyən bir oxucu tapılmaz ki, məndən kitab istəsin və “yox” cavabını alsın” dedi. Ardınca bir az incik halda söylədi: “Amma sui-istifadə çox xətrimə dəyir. Xüsusən icazəsiz, oğurluq sözündən xoşum gəlmir. Bu günədək minlərlə kitab hədiyyə vermişəm və buna görə özümü dünyanın ən zəngin adamı sayıram”.


Kitabçını


“Xan xəzinəsi”ndən əlidolu gedən iki gənci təbəssümlə yola salan kitabçını yenidən söhbətə çəkməyin bir yolu da “Bəlkə, heç onlar da hədiyyələrinizi oxumayacaq, aparıb kiməsə verəcəklər” kimi xoflu yanaşma oldu. Əvvəl qaşlarını çatıb mənə, sonra da kitablara baxıb “Əsas odur ki, bu kitablar oxunsun, boşuna yığılıb qalmasın” deyə özünü təsəlli etdi. Sonra da arxayınlıqla dedi: “Öncə də dedim, mən kitab oxuyanları seçə bilirəm, bu mənada sərraf sayılaram. Makulatura heç, amma yararlı kitabların atılmasına tamaşa etmək dözülməz olar. Ona görə də atmıram, korlamıram, gördüyünüz o dar kandarın yağış tutmayan, gün düşməyən küncündə yığıb saxlayıram. Üstünə də böyük hərflərlə “hədiyyə” yazıram. Bir gözüm də qapıda olur, onları kiminsə seçdiyini, apardığını görəndə uşaq kimi sevinir, qaçıb təşəkkür edirəm. Hələ yığmaq üçün torba da verirəm”.

Söhbətin yönünü bir az da dəyişirəm. Ona “Əvvəllər kitabların arasından qurumuş gül, şəkil, məktub, telefon nömrəsi çıxardı, bəs indi nə çıxır” sualını verirəm. Təbəssümlə “Kitabda gül saxlayan nəsil qalıb ki” kimi suallı cavabını alıram. Həmsöhbətim bu an üzünə qonan əzabla bir hadisəni danışdı: “Bir dəfə test toplusunun içindən 50 manat çıxdı, gördüm və çox pis oldum. Hansısa abituriyentin hazırlıq müəlliminə ödənişi idi...”.


Kitabçıda


Mağazada olarkən müşahidə etdiyim alıcı-satıcı münasibəti də maraqlı idi. Məsələn, siz heç “öz ayranına turş deyən” görmüsüz? Sağ olsun, bizim kitabçı sayəsində onu da gördüm. Ondan bir müəllifin (adını çəkmirəm) əsərini istəyən alıcıya mağazada mövcud olduğu halda satmadığını dedi. Beləcə, zatən sayı az olan alıcılarından birini də qaçırmış oldu.

Təəccüblə ona baxdığımı görüb deyir: “Elə bilirsiniz ziyanlı kitablar azdı? Qoy gəncliyimiz beyinlərini yuyan o müəlliflərdən qaçsınlar. Ümumən, müəllimliyimdən istifadə edib gənclərə daim ədəbiyyat sevgiliniz, ruh yarınız olsun, amma elmdən, xüsusilə də texniki elm sahələrindən əl üzməyin deyirəm”.

Kitabçıda apardığım digər müşahidəni – satanın alandan daha çox olduğunu görüb “Xan müəllim, elə bil kitabı satan alandan daha çoxdur” dedim. Düzü, cavab məni narahat elədi: “Bəli, satmaq istəyən daha çoxdur. Bundan faciə düzəltmək lazım deyil. Sağ olsunlar, beləcə, başqalarının almağa imkanı olmayan kitabları ya dəyişməklə, ya da ucuz qiymətə satmaqla oxucunun sayını artırırlar. Bizim də işimiz budur”.

Kitablar arasında ayrı-ayrı elm sahələri ilə bağlı ədəbiyyat, dərslik və dərs vəsaitləri çoxluq təşkil edir. Önə düzülən və müştərisini gözləyən kitabları, test toplularını göstərib “Oxucu auditoriyanız yəqin ki, daha çox şagird və tələbələrdir” sualını verirəm. Bəlli olur ki, orta məktəb dərsliklərindən ziyadə hazırlıq kitabları, testlər və metodik vəsaitlərə tələbat daha çoxdur.


Kitabçıdan


“Pandemiyanın bizim işimizə də böyük zərbəsi dəydi, gəliş-gediş azaldı, kitablar yığılıb qaldı” gileyini etsə də, ondan “Sırf bu dükandan bir neçə min manat ziyana düşsəm də, bu işdən əl çəkməyəcəm” vədini eşitmək çox xoşuma gəldi.

Mağazadan ayrılarkən qapıda səs-küylü 6-7 nəfər gənclə qarşılaşdım. Həm yol gözləyən kitablar, həm də inadkar Xan Rəsuloğlu adına sevindim. Hərçənd onların da hərəsinin əlində ya satmaq, ya da dəyişmək üçün gətirdikləri bir-iki kitab var idi...

Həmidə NİZAMİQIZI