Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır.

Prezident İlham Əliyev bu sözləri Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib.

Dövlət başçısı jurnalistin “Heydər Əliyev Fondu dünya memarlıq şedevrlərini, Azərbaycanın tarixi irsini, mədəni mühiti necə qayğı ilə və necə yüksək keyfiyyətlə bərpa edir. Bu, çox vacibdir və şübhəsiz, bu qayğı çox böyük hörmətə layiqdir” fikrinə münasibət bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə – səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. “Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir”, – deyə İlham Əliyev bildirib.

Prezident vurğulayıb ki, müasir qloballaşma meylləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyllər nəzərə alınmalıdır: “Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyllərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq”.

Bu ilin may ayında Şuşada “Xarıbülbül” Musiqi Festivalının keçirilməsindən bəhs edən dövlət başçısı festivalda Azərbaycanda yaşayan bütün xalqların musiqi mədəniyyətinin nümayiş olunduğunu diqqətə çatdırıb: “Festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər”.

Prezident qeyd edib ki, işğaldan azad edilmiş genişmiqyaslı quruculuq işləri üçün bütün dövlət tərəfindən böyük sərmayə qoyuluşları nəzərdə tutulur: “Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm”.

Dövlət başçısı vurğulayıb ki, bu gün əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər: “Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”.

Prezident qeyd edib ki, azad olunmuş bütün ərazilər bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin ediləcək. Bütün istiqamətlərdə yollar çəkilir: “Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq... Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum ilyarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik”.