Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açılacaq. Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni zallar 50 faizdən çox doldurulmamalı, COVİD pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri sentyabrın 25-də jurnalistlərə açıqlamasında deyib.

Anar Kərimov diqqətə çatdırıb ki, sözügedən yerlərdə fəaliyyət başladıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən bu qaydalara riayət edilməsinə nəzarət olunacaq. “Nəzarət ediləcək ki, nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", – deyə nazir bildirib.

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalmalar olacaq.

Qərar ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qəbul edilib.

Qərara əsasən, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa edilir.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportu, yaxud COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatına sahib olduqları halda istifadə edə bilərlər.

Həmçinin, sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVİD-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVİD-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.