UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.

Bu barədə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb: “Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək”.

Anar Kərimov qeyd edib ki, Azərbaycan bu missiyanın həyata keçirilməsində çox maraqlıdır. “İstərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın”, – deyə o vurğulayıb.