23-24 sentyabr tarixlərində Türkiyənin qədim Şanlıurfa şəhəri “Daş təpələrin təqdimatı” adlı tədbirlər proqramına evsahibliyi etdi. Qeyd edək ki, Şanlıurfa bölgəsində hələ ötən əsrin 60-70-ci illərindən tədqiqatlar aparılan Göbəklitəpə Neolit dövrü yaşayış yerindən sonra eyni dövrə aid Karahantəpə və digər qədim yaşayış yerinin də üzə çıxarılması dünya arxeologiya elmində mühüm hadisədir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və nazirliyə bağlı Türkiyə Turizm Tanıtma və İnkişafetdirmə Agentliyi (TGA) dünya tarixini yenidən yazacaq Şanlıurfada və ətrafındakı əhəmiyyətli Neolit yaşayış yerləri və aparılan qazıntıların təqdimat mərasimini keçirdi.

Sentyabrın 23-də əvvəlcə Şanlıurfa Arxeologiya Muzeyində “Daş təpələr: Karahantəpə” adlı simpozium keçirildi. Simpozium 2023-cü ildə Şanlıurfada keçiriləcək Dünya Neolit Dövrü Konqresinə hazırlıq tədbirlərindən biridir. Simpoziumda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, arxeoloji qazıntı qrupunun rəhbəri Nəcmi Karul , Rusiya Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Sibir şöbəsinin müdiri Andrey Tabarev, professor Mehmet Celal Özdoğan, Şanlıurfa valisi, Şanlıurfa Böyükşəhər Bələdiyyə başqanı, millət vəkilləri, yerli və xarici elm adamları, media nümayəndələri iştirak edirdi. Qeyd edək ki, tədbirlərə Azərbaycandan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev və KİV nümayəndələri də qatılmışdı.

Proqramda açılış nitqi ilə Karahantəpə qədim yaşayış yerində arxeoloji ekspedisiya qrupunun rəhbəri Nəcmi Karul çıxış etdi. 12 min il əvvəl insanların oturaq həyata keçdiklərini deyən Nəcmi Karul, “Söhbət bu gün də mövcud olan toplumun Neolit dövründəki ictimai nizamdan gedir. Yəni onlar da bir yerdə kollektiv şəkildə yaşayıb işbirliyi qurublar” deyə bildirdi. Alim arxeoloji qazıntılar nəticəsində gəldiyi önəmli bir məsələyə toxundu: “Əkinçilik və heyvandarlıq oturaq həyatın səbəbi deyil, nəticəsidir. Yəni insanlar oturaq həyata keçməzdən əvvəl deyil, məskunlaşdıqdan sonra sonra əkinçilik və heyvandarlıqla məşğul olmağa başlayıblar. Biz bu fikri araşdırmalarımızla dəyişdirdik”.

N.Karul qazıntıların 12 nöqtədə planlaşdırıldığını və artıq 7 yerdə tədqiqata başladıqlarını dedi.

Professor Mehmet Celal Özdoğan isə tələbəlik həyatında qatıldığl ilk qazıntı işlərinin Şanlıurfada olduğunu söylədi: “Neolit dövrü sivilizasiyanın qırılma nöqtəsidir. Dünyanın əzbəri ilk dəfə 1978-ci ildə Nevali Çoridə (Nevali Çori təpələri – Şanlıurfanın Hilvan ilçəsində qədim yaşayış yeri – red.) pozuldu. Göbeklitəpə isə yenidən pozdu. Bu qədər yeni məlumatı mənimsəmək üçün vaxt lazımdır”.

M.Özdoğan, 2023-cü ildə keçiriləcək Dünya Neolit Dövrü Konqresinin məqsədini belə izah etdi: “Neolit dövrü adlandırdığımız oturaq həyata keçid təkcə bu bölgədə deyil, dünyanın müxtəlif yerlərində başlayır. Bizim bunları izah etməyimiz lazımdır. Bu səbəbdən də Dünya Neolit Dövrü Konqresini 2023-cü ildə Şanlıurfada keçirməyə qərar verdik”.

Türkiyənin Mədəni Sərvətlər və Muzeylər Qurumunun baş direktoru Gökhan Yazqı isə 12 min illik tarixə malik "Daş təpələr" ərazisini qədim yaşayış məskənlərindən biri olduğunu qeyd etdi: "Bu ərazi UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Həmin ərazidə aparılan arxeoloji qazıntılar qədim insanların yaşayışı ilə əlaqədar yeni fikirlərin meydana çıxmasına səbəb olub”.

Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy isə bildirdi ki, 2018 -ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Göbeklitəpə, arxeologiya ilə bağlı bütün sahələrdəki məlumatları yeniləməklə yanaşı, daha əvvəl soruşulmamış və cavablandırılması vacib olan yeni sualları qarşımıza qoydu: “Biz bunu tarixin sıfır nöqtəsi adlandırdıq. İndi o nöqtəni daha da dərinləşdirəcəyik və bəlkə də çox geriyə çəkəcəyik. Çünki Göbeklitəpə tək deyil. Bir sözlə, layihəmiz çərçivəsində həyata keçiriləcək 12 qazıntı ilə Şanlıurfa üçün Anadolunun insanlıq tarixinə verdiyi töhfənin bilinməyən hekayələrini şərh edəcəyik”.

Nazir onu da qeyd etdi ki, layihə çərçivəsində iki bölgədə aparılan araşdırmalar zamanı yeni yaşayış məntəqələri müəyyən edilib: “Hələ də Göbeklitəpə, Karahantəpə, Gürcütəpə, Sayburç, Çakmaktəpə, Sefertəpə və Yeni Məhəllə höyüğü olan 7 sahədə arxeoloji qazıntılar davam edir. Ümumilikdə qazıntılar 12 yeri əhatə edəcək, amma gələcəkdə bu rəqəm 20-dən çox olacaq. Əlavə olaraq, “Şanlıurfa Neolit araşdırmaları” layihəsinə 5 ölkədən 8 universitet, 4 beynəlxalq akademiya, institut və muzeyi daxil etdik. Yaponiya, Rusiya, Almaniya, İngiltərə və Fransa ilə geniş beynəlxalq spektr yaratdıq”.

Nazir diqqətə çatdırdı ki, 2023-cü ildə keçiriləcək Dünya Neolit Dövrü Konqresi ilə bağlı tədbirlər, eyni zamanda ziyarətçilərin qarşılanması, tanıtım məqsədilə sərgi layihələri, nəqliyyat və infrastruktur xərcləri üçün 127 milyon lirədən artıq vəsaitin ayrılacağı nəzərə tutulub.

Simpoziumda sonra digər iştirakçıların çıxışları oldu.

Daha sonra “Daş təpələr” təqdimatı üçün hazırlanan və Şanlıurfa Arxeologiya Muzeyində nümayiş etdirilən “Karahantəpə və Neolit insan” sərgisinə baxış keçirildi. Sərgidə Karahantəpədən son 2 ildə aşkarlanan 37 nümunə ilk dəfə nümayiş olunurdu.

Sentyabrın 24-də Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə Karahantəpədə geniş mətbuat konfransı düzənləndi. Konfransa ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Azərbaycan – ümumilikdə 27 ölkədən 80-ə yaxın mətbuat nümayəndəsi qatılmışdı.

Arxeoloji qazıntılarda azərbaycanlı alimlərin də iştirakı barədə sualı cavablandıran M.Ersoy bunu istisna etmədi. Bildirdi ki, sözügedən qazıntılarda iştirak etmək məsələsi Azərbaycanın istəyinə bağlıdır. Nazirin sözlərinə görə, hazırda AMEA-nın müvafiq institutu ilə ilkin işbirliyi qurulub.

Mətbuat konfransından sonra media mənsubları Karahantəpədə aşkar edilən arxeoloji nümunələrlə tanış oldular. Eyni zamanda proqram çərçivəsində Şanlıurfanın tarixinə zənginlik və gözəllik qatan, turistlərin diqqətini çəkən görməli yerlər də ziyarət edildi. 

Mehparə SULTANOVA
Ankara