Elektron məlumat bazasının təqdimatı keçirilib

 

27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Kitabxanada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə “TÜRKSOY Media Mükafatı”na layiq görülmüş KİV nümayəndələrinin görüşü və kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır! 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, hazırda Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfər sevincini yaşayırlar: “Heç bir zəfər qansız, qurbansız əldə olunmur. 44 günlük haqq savaşımızda biz də çoxlu şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq”.

K.Tahirov Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında iştirak etmiş müxtəlif ölkələrdən olan jurnalistlərə təşəkkürünü bildirib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı diqqətə çatdırıb ki, təşkilatın Baş katibi Düsen Kaseinovun təklifi ilə 44 günlük müharibə zamanı Azərbaycanın səsini dünyaya çatdıran jurnalistlərə “TÜRKSOY Media Mükafatı”nın verilməsi qərara alınıb. Ümumilikdə 36 jurnalist bu mükafata layiq görülüb.

Sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova iştirakçılara “Qarabağ Azərbaycandır! 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazasını təqdim edib. Bildirib ki, məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qarabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında 44 günlük müharibə zamanı ölkəmizin yanında olan jurnalistlərə müraciət edərək Azərbaycanın səsi olduqlarına, həqiqətlərin dünyaya çatdırılmasında iştirak etdiklərinə görə təşəkkür edib. O, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasını təqdir edərək, belə layihələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını söyləyib.

Elektron məlumat bazası ilə http://anl.az/el/emb/Qarabaq.muharibesi/index.html linki vasitəsilə tanış olmaq mümkündür.