Azərbaycan

 

6 oktyabr 1930 – Dövlət xadimi, publisist Səməd ağa Ağamalıoğlu (1867–1930) vəfat edib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sovetləşmədən sonra Azərbaycan SSR MİK (respublika hökuməti) sədri, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olub. Azərbaycanda və Orta Asiya respublikalarında latın əlifbasına keçilməsinə rəhbərlik edib.

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun Ev-Muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

 

7 oktyabr 1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921–2000) anadan olub.

 

8 oktyabr 1951 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (1951 – 26.4.2021) Masallı rayonunun Bədəlan kəndində anadan olub.

8 oktyabr 1975 – Əməkdar artist Rəşid Səməndər oğlu Rzayev (1975 – 20.11.2020) anadan olub. Akademik Milli Dram Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

8 oktyabr 2009 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

8 oktyabr 2010 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (30.1.1948 – 2010) vəfat edib. Akademik Musiqili Teatrda, Dövlət Mahnı Teatrında çalışıb.

 

Dünya

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökçeli; 1923 – 28.2.2015) anadan olub. “Tənəkə”, “Yağmurcuq quşu”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

7 oktyabr 1915 – Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

8 oktyabr 1848 – Flamand əsilli fransız musiqiçisi, “İnternasional” himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter; 1848-1932) anadan olub.

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 – 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

Hazırladı: Vüqar ORXAN