Nəğməkar şair İsmayıl Dadaşov musiqinin ruhunu dəqiq duyurdu

 

Bəzən olur belə anlar. Oturduğumuz yerdə, hətta bəzən vacib bir işlə məşğul olduğumuz zaman şüurumuzun alt qatında kimisə xatırlayır, hansısa musiqini yada salır, hətta astadan zümzümə də edirik. Son aylarda nədənsə, xatırladığım bütün mahnıların sözlərinin müəllifi İsmayıl Dadaşovdur.

Onunla tez-tez “Azərbaycanfilm” Kinostudiyasının koridorlarında rastlaşardıq. Sakit, səmimi səslə salamlaşıb keçərdi. Hətta bir dəfə rastlaşdığımız zaman bu qədər möhtəşəm sözlərin müəllifi olan insan nədən belə hədsiz sakit və təvazökardır dedim özünə. Gülümsəyib “siz məni nəğməkar-şair kimi tanıyırsınızsa, bu, mənə bəs edər” dedi. İsmayıl Dadaşovla son görüşümüz və son dialoqumuz da elə bu oldu.

Ötən ilin oktyabrında ölüm xəbərini eşidəndə çox təəssüf etdim. Çünki hər dəfə bir müsahibə düşünsəm, nədənsə təxirə düşürdü. Müsahibə verməyi sevmədiyini də yaxşı bilirdim.

“Şeirlərimin ana xətti ümiddir” deyən şairin bu nikbin, ümid dolu sözlərinə Azərbaycanın görkəmli bəstəkarları musiqilər yazıb, məşhur ifaçıları bu əsərləri ifa ediblər. Bu siyahıda Əlibaba Məmmədov, Oqtay Rəcəbov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mobil Babayev, Tofiq Babayev, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Cəmil Əmirov, Faiq Sücəddinov, Cavanşir Quliyev, Elçin İmanov, Nailə Mirməmmədli və başqa bəstəkarları qeyd etmək olar.

İsmayıl Dadaşov 1957-ci ildə Bakıda müəllim ailəsində doğulub. Hələ məktəb illərində ədəbiyyata həvəs göstərib. Azsaylı müsahibələrində bu barədə danışan şair deyib: “31 nömrəli orta məktəbdə oxumuşam və sərbəst mövzularda inşa yazılara öz şeirlərimi əlavə etməyi çox sevirdim. Demirəm ki, həmin şeirləri yaxşı hesab etmək olardı, amma yazdıqca ətrafımdakı insanlar bu şeirləri bəyənirdilər. Sonra İncəsənət İnstitutuna qəbul olundum və 1978-ci ilin sentyabrında sözlərimə ilk dəfə musiqi bəstələndi. Bir dəfə mənim şeir dəftərim müğənni Zümrüd Məmmədovanın əlinə düşdü və o həmin dəftərdən məndən gizlin bir şeiri köçürüb aparmışdı. Həmin şeir “Bugünkü dostlarım” adlanırdı. Əlibaba Məmmədov həmin şeirə musiqi bəstələdi və Zümrüd xanım bu nəğməni ifa etdi. Elə həmin ilin dekabrında Əlibaba Məmmədov mənə zəng vurdu və “Mənim Azərbaycanım” mahnısı Yeni il şənliyində səsləndi”.

Uzun illər musiqi redaktoru vəzifələrində çalışan şair hər danışıqda, sözdə, şeirdə musiqi gəzirdi. Müasir dövrümüzdə İsmayıl Dadaşov qədər musiqiyə mətn yazan şair az olar. Hər kəsə bəllidir ki, bu, çox çətin prosesdir. Bir var şair ilhamlanıb yazır, bir də var sən hazır musiqinin ritmini tutub, onu hiss etməlisən, bəstəkarın bu musiqini yazanda nə düşündüyünü duymalısan. Onun qələmindən çıxan neçə-neçə mahnı mətnləri insanların qəlbinə yol tapıb. “Nəğməkar şair musiqi ilə ədəbiyyat arasında olan insandır” deyən İsmayıl Dadaşovun sözlərinə yazılan mahnıları Azərbaycan ifaçılıq məktəbinin unudulmaz səsləri SSRİ Xalq artisti Rəşid Behbudov, Xalq artistləri İslam Rzayev, Elmira Rəhimova, Nisə Qasımova, daha sonrakı nəsil Xalq artistləri Brilliant Dadaşova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və başqaları ifa edib.

Vətən müharibəsi başlanan gündən vətənpərvərlik ruhunda yazılan, radio və televiziya dalğalarında səslənən, sevilən bir neçə mahnının mətn müəllifi də İsmayıl Dadaşov idi. “Qələbənin yolları”, “Vətənim” kimi mahnılar bu silsilədəndir.

Şair yaradıcılığının müəyyən dövrünü Xalq artisti, bəstəkar Eldar Mansurovla birgə işləyib. Bəstəkar onu belə xatırlayır: “İsmayılla 80-ci ilin əvvəllərindən birgə çalışmağa başladıq. Çox gözəl şair idi. Onunla işləmək isə hədsiz rahat idi. Hansı sözü istəyirdimsə, onu yazıb mənə verirdi. Həm də onunla operativ işləyirdik. Bəzən səhər sifariş alırdıq ki, mahnı axşama hazır olmalıdır. İki saata həmin mahnını hazır edirdik. Hansı ki, bu gün də həmin mahnılar böyük sevgi ilə ifa edilir. Çox heyfsilənirəm ki, o artıq aramızda yoxdur. Ölümündən əvvəl pandemiya səbəbindən görüşə bilmədik. Buna baxmayaraq, mütəmadi zəngləşirdik. İsmayılın bütün şeirləri və mahnı mətnləri gözəl idi. Sanki musiqinin ruhunu duyurdu və onun yazdığı sözlər hər zaman mənim ürəyimcə olub”.

Xalq artisti Faiq Ağayevin repertuarında yer alan sevilən mahnıların bir çoxunun da mətni İsmayıl Dadaşova məxsusdur. Müğənni deyir ki, şair sırf incəsənət adamı idi. Hər zaman sənətə görə narahatlıq, həyəcan keçirərdi: “Hər mahnımızın müzakirəsi çox qızğın keçirdi. Mən mətnə hədsiz həssas insanam. Buna görə təklif olunan mətnləri birgə işləyirdik. Dostluğu itirməyən, hər görüşümüzdə səmimi, isti görüşən, söhbətləşən insan idi. Səhnə fəaliyyətimin əvvəlindən 1990-cı illərin sonuna qədər onunla birgə işləmişik. Sonralar işbirliyimiz olmasa da, isti münasibətlərimiz ömrünün sonuna kimi davam etdi”.

İsmayıl Dadaşov həm də bacarıqlı musiqi redaktoru idi. 1984-cü ildə “Azərbaycanfilm” Kinostudiyasında əmək fəaliyyətinə başladığı ilk gündən işinə olan məhəbbəti, qərəzsiz, vicdanlı, yaradıcı münasibəti ilə, həmçinin hamı ilə ünsiyyət yarada bilən insan kimi kollektivin böyük hörmət və məhəbbətini qazanmışdı.

O, yüzlərlə bədii, sənədli, cizgi filminin musiqi tərtibatçısı, “Bəxt üzüyü”, “Ağ atlı oğlan”, “Yuxu”, “Dərs”, “Biz qayıdacağıq” kimi tamaşaçılar tərəfindən sevilən bir sıra bədii filmlərin musiqi redaktorudur. Onilliklər boyu çəkilən Azərbaycan filmlərinin musiqisinin arxivdə qorunub saxlanmasında, fonotekadakı bütün lent yazılarının yeni texnoloji avadanlıqlara köçürülməsində onun xidmətləri əvəzsizdir.

Əhməd Orucoğlunun “Pul dəlisi”, “Qonşular”, “Qayınana əməliyyatı”, Marat Haqverdiyevin “Qısqanc ürəklər” və s. tamaşalar üçün musiqilərə mətnlər yazıb. “Qızıl fond”da qorunan 20-yə yaxın televiziya tamaşasının musiqi tərtibatçısı da İsmayıl Dadaşovdur. O, “Mozalan” satirik kinojurnalının bir sıra buraxılışlarının və neçə-neçə sənədli filmin də musiqi redaktoru olub.

Nəğməkar şairi Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov belə xatırlayır: “Mənim İsmayıl Dadaşovla tanışlığım 2000-ci illərin əvvəllərində “Space” telekanalında olmuşdu. O dövrdən dostluğumuz başladı. Daha sonra “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladım, biz səkkiz il birlikdə çalışdıq. İsmayıl müəllim milli-mənəvi dəyərlərimizi yüksək səviyyədə bilən və əsl Azərbaycan kişisinə malik xüsusiyyətləri olan insan idi. O dövrdə kinostudiyada filmlərin musiqiləri babin kinolentlərdə idi. Mən İsmayıl müəllimdən bu musiqilərin rəqəmsal varianta köçürülməsinin vacibliyini bildirdim. Bu, çox çətin bir iş idi. İsmayıl Dadaşov kinostudiyanın baş mexaniki Mehman müəllimlə birlikdə bu musiqiləri rəqəmsal yaddaşa köçürdü. Bu materiallar hazırda Dövlət Film Fondu və “Azərbaycanfilm”də saxlanılır. Bundan əlavə, biz onunla bir sıra layihələr həyata keçirdik. Hər zaman “Buna da şükür, hər şey yaxşı olacaq” deyərdi. Çox təvazökar idi. Kinostudiyada 60 illik yubileyini keçirmək istəyirdik. Dəfələrlə etirazını bildirdi. Ancaq gözəl bir yubiley tədbiri təşkil etdik. Onun vəfat xəbərini eşidəndə çox sarsıldım. Allah rəhmət eləsin”.

“Hələ də uşaq kimi qaçıram. Arzular tükənməzdir, çoxdur. İnsanı yaşadan arzularıdır. İnsan böyüdükcə arzuları da böyüyür, sevgi də böyüyür, ailə də böyüyür. Artıq özün üçün yox, balaların üçün, sonra nəvələrin üçün qaçırsan. Elə tələsə-tələsə qaçırıq arzuların ardınca, amma düşünmürük ki, hara qaçırıq, ömür bir, yol bir...” deyən İsmayıl Dadaşov 22 oktyabr 2020-ci ildə aramızdan ayrılsa da, sözü və sənəti ilə daim qəlblərdə yaşayacaq. Ruhu şad olsun.

Lalə AZƏRİ