Almaniyanın Baden-Vürtemberq federativ əyalətində qeyri-adi adı olan kiçik kənd var. Kənd “Killer” (hərfi tərcüməsi – “Qatil”) adlanır.

Təxminən 600 sakinin yaşadığı kəndin ilk adı Kirxvayler olub, zaman keçdikcə dəyişdirilərək Kilvilar, sonra Killar və nəhayət, Killer kimi sabitləşib. Sakinlər belə adlanan kənddə yaşamağa və hətta özlərinin də killerli adlanmasına etiraz etmirlər, amma bir məsələ bu kəndin yerli büdcəsinə baha başa gəlir: bəzi inadkar turistlər bu yaşayış məntəqəsinə giriş və çıxış yerlərində kəndin adı yazılmış yol nişanlarını söküb suvenir kimi aparmağı xoşlayırlar.

Təkcə bu ilin əvvəlindən bəri üç dəfə kəndin adı yazılmış lövhə oğurlanıb. Kəndə üç müxtəlif giriş yerlərində belə nişan vurulub və müntəzəm olaraq belə suvenir əldə etmək arzusunda olanlar tapılır. Bu vəziyyət illər boyu davam edir. Yol nişanını daha yaxşı bərkitməyin də mənası olmayıb. Hətta bu nişanı qaynaq ediblər, lakin oğrular həmin nişanı dirəklə birlikdə aparıblar.

Kənd bələdiyyəsinin rəhbəri bu qeyri-adi qənimətin həvəskarlarının gəlişinə artıq adət edib. Amma hər dəfə yeni nişan sifariş etmək üçün yerli büdcədən müəyyən məbləğ lazım olur.

Çarəsiz qalmış bələdiyyə rəhbəri sakinlərə təklif edib ki, üzərində kəndin adı yazılmış lövhələr istehsal edilsin və oğurluğa görə alına biləcək cərimə ilə müqayisədə xeyli aşağı qiymətə satılsın.