Prezident İlham Əliyev: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”


Bir il öncə bu günlər Vətən müharibəsinin şimal və cənub cəbhələrindən – Cəbrayıl və Tərtər-Ağdərə istiqamətlərindən həyəcanla gözlənilən döyüş və zəfər xəbərləri gəlirdi. Bir il sonra bu torpaqlardan, azad yurd yerlərimizdən genişmiqyaslı quruculuq işlərinin xoş xəbərləri gəlir...

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində olub. Strateji mövqelərə malik hər iki yaşayış məntəqəsi 2020-ci ilin məhz bu günündə qızğın döyüşlərdən sonra rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilib. Dövlət başçısı Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Prezident Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində və rus-pravoslav kilsəsində olub, hər iki dini abidənin təmir-bərpa ediləcəyini bildirib: “Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır”.

Suqovuşan qəsəbəsində Azərbaycan bayrağının ucaldılmasından sonra çıxış edən Prezident İlham Əliyev bir il öncə bu günlər Vətən müharibəsi cəbhələrində qazanılan qalibiyyətin əhəmiyyətini bir daha vurğulayıb: “İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri. Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq... Bundan sonrakı dövrdə Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin şanlı Zəfər yürüşü davam etmişdir”.

Müzəffər Ali Baş Komandan oktyabrın 4-də Vətən müharibəsində ilk böyük qalibiyyətin ünvanı olan Cəbrayıl şəhərinə gəlib. Vətən müharibəsi başlayandan Prezident İlham Əliyevin televiziya ilə xalqa zəfər müjdəli ilk müraciəti bu şəhərlə bağlı olmuşdu: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”.

Bir il sonra dövlət başçısı artıq Cəbrayıl şəhərində, rayon sakinləri ilə üz-üzə görüşdə onlara bu sözlərlə müraciət etdi: “Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm.

Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”.


“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq”


Dövlət başçısı vurğulayıb ki, oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq: “Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi... Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim – Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq”.
Prezident diqqətə çatdırıb ki, məhz Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün oldu: “Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.
Prezident qeyd edib ki, Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl, 2016-cı ilin Aprel döyüşlərində başlamışdı: “Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi... Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Yəni, bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.


“Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm...”


“Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq” deyən dövlət başçısı Azərbaycanın yeni şəraitdə regional əməkdaşlıqla bağlı xoşniyyətli siyasət yürütdüyünü bir daha diqqətə çatdırıb. Bildirib ki, hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır: “Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik... Yəni, bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

İlham Əliyev daha sonra deyib: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq... Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Prezident vurğulayıb ki, Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsasında qururuq: “Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq... Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq.

O ki qaldı, regionun gələcək inkişafı ilə bağlı, biz əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər... Eyni zamanda, yəqin Azərbaycan ictimaiyyəti bilir, bu yaxınlarda mən demişdim ki, Ermənistan baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Sərhədlərin delimitasiyası həyata keçirilsin”.

 

Quruculuq dövrü: “Bu işləri özümüzə borc bilib görəcəyik”

 

Prezident qeyd edib ki, 2021-ci ilin 4 oktyabrı Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür: “Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Bu gün mən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdim. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün bizə imkanlar yaradacaq. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Bu gün “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və mənimlə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Bildiyiniz kimi, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Bizim iki dost, qonşu ölkəmiz Azərbaycana bax, bu münasibəti bəsləyir. Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir.

Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi... İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək. Bu gün birinci yaşayış binasının təməli qoyuldu. Artıq bu binanın da inşasına start verilir. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Bu gün, eyni zamanda, Zəfər və İşğal muzeylərinin təməli qoyulacaq. Hesab edirəm, ən önəmlisi odur ki, Cəbrayıl şəhərinin Baş planı siz cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”.

Prezident diqqətə çatdırıb ki, bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli quruculuq işləri görüləcək: “Biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik”.

Dövlət başçısı vurğulayıb ki, ötən illərdə Azərbaycanın başlıca məsələsi Qarabağ, torpaqlarımızın azad edilməsi olub və bu məsələ artıq həllini tapıb: “İndi isə bərpa işlərinə start veririk. Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.

***

Görüşdə Cəbrayıl rayonunun ictimaiyyəti adından Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Baş nazirin sabiq müavini Əli Həsənov, Cocuq Mərcanlı kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli Oqtay Həziyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Yaqut Abdullayeva, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və başqaları çıxış ediblər.

Sonra Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində yaradılacaq Döyüş Muzeyi və Cəbrayıl Memorial Kompleksi barədə təqdimat edib.

Dövlətimizin başçısı Cəbrayıl Memorial Kompleksinin təməlini qoyub.

Daha sonra Cəbrayıl şəhərinin Baş planın təqdimatı olub. Bildirilib ki, şəhərin işğala qədər məskunlaşma ərazisi 335 hektar təşkil edib. Baş planda şəhərin mərkəzi zonası, yaşayış, inzibati və mədəniyyət binalarının yerləşəcəyi zonalar - ümumilikdə 17 zona nəzərdə tutulub. Bütün şəhər park kimi düşünülüb, çox geniş yaşıl zolaqlar salınacaq.

Dövlət başçısı Cəbrayıl şəhərində Türkiyə-Azərbaycan Dostluq Parkı da salınacağını diqqətə çatdırıb. Məlumat verilib ki, park şəhərin giriş hissəsində, vaxtilə Dostluq bulağı olduğu ərazidə nəzərdə tutulub.

Baş planla tanışlıqdan sonra dövlət başçısı Cəbrayıl şəhərinin təməl daşını qoyub.

Qeyd edək ki, oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Mərkəzi Xəstəxananın, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib. Dövlət başçısı 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Həmçinin “KamAZ” ASC (Rusiya, Tatarıstan) ilə “Gəncə Avtomobil Zavodu” İB-nin Cəbrayıl rayonunda birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilib.