Nəşrin I cildinin təqdimatı keçirildi

 

VII Bakı Beynəlxalq Kitab Sərgisi rəngarəng tədbir və təqdimatlarla davam edir. Oktyabrın 7-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşri olan “Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya” kitabının I cildinin təqdimatı keçirildi.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirdi ki, Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş biblioqrafik göstərici müstəqillik dönəmində ərsəyə gələn və uşaq ədəbiyyatına həsr edilən ilk fundamental biblioqrafiyadır. Nəşrdə XIX əsrin II yarısı və XX əsrin əvvəllərində (1920-ci ilə qədər) nəşr olunan uşaq ədəbiyyatına dair materiallar əksini tapıb. Burada uşaq ədəbiyyatı ilə yanaşı, dərsliklər və ilk uşaq mətbuatı haqqında materiallar da xronoloji qaydada oxucuya təqdim edilir. “Azərbaycanda dərsliklərin yaranması və inkişafı”, “Azərbaycan uşaq ədəbiyyatı” və “Azərbaycan uşaq mətbuatının təşəkkülü və ilk nümunələri” adlı hissələrdən ibarət göstəricinin hər bir hissəsi üçün əlavələr də təqdim olunur. Kitabın sonunda istinad olunan ədəbiyyatların tam siyahısı göstərilib.

Kitabın ön söz müəllifi, filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev qeyd etdi ki, hər bir xalqın elm və mədəniyyət tarixində bir faktoloji göstərici kimi biblioqrafiya əhəmiyyətli yer tutur. Biblioqrafiya tədqiqatçı üçün kompas və bələdçi timsalındadır. Biblioqrafiya tədqiqatçının vaxtına qənaət, işinə yardım göstərmək deməkdir: “Təqdim edilən biblioqrafiya barədə də eyni sözləri söyləmək olar. Təəssüf ki, bizdə indiyə qədər uşaq ədəbiyyatına həsr edilən belə fundamental bir əsər meydana çıxmamışdı. Bu biblioqrafiya uşaq ədəbiyyatımızın inkişaf yoluna tarixi-xronoloji anlamda işıq salmaq mənasında son dərəcə uğurlu bir işdir”.

Kitabın rəyçisi, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov kitabı uşaq ədəbiyyatının təşəkkülü, onun anatomiyasının açılması baxımından çox əhəmiyyətli biblioqrafik mənbə olduğunu bildirdi.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədov və Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək biblioqrafiyanın əhəmiyyətindən söz açdılar. Nəşrin işıq üzü görməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür ifadə olundu.

Qeyd edək ki, üç cildə nəzərdə tutulan biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, müəllimlər, metodistlər və geniş oxucu kütləsi üçün faydalı mənbə olacaq.

N.MƏMMƏDLİ