İspaniyada gənclər üçün təşviqedici addım


İspaniyanın Baş naziri Pedro Sançes hökumətin 2022-ci ilin dövlət büdcəsi çərçivəsində gənclər üçün mədəniyyət çeki tətbiq etmək niyyətində olduğunu bildirib. Çek yetkinlik yaşına çatdığı zaman bütün gənclərə təqdim ediləcək.

400 avroluq çek kitabların alınması və ya bədii fəaliyyətin hər hansı bir növü üçün veriləcək. Pedro Sançes mədəniyyət bonuslarının Fransa və İtaliya kimi Avropa ölkələrində artıq qüvvədə olduğunu vurğulayıb. Məqsəd gəncləri incəsənətə və mədəniyyətə cəlb etmək, koronavirus pandemiyasından zərbəni ilk alanlardan olan bu sahəni təşviq etməkdir.

Xatırladaq ki, bu yaxınlarda Rusiyada da 14-22 yaşında yeniyetmə və gənclər üçün nəzərdə tutulan “Puşkin kartı” proqramına başlanılıb. Gənclərə teatr, muzey, konsert salonları və digər mədəniyyət müəssisələrini pulsuz ziyarət etmək imkanı verən kartın tətbiqi ölkənin mədəni mühitində məmnunluqla qarşılanıb.

Proqrama əsasən, sentyabr-dekabr ayları üçün kartdakı pul vəsaiti 3000 rubl olacaq, növbəti ildə isə 5000 rubladək (60 avro və ya 120 AZN) artırılması nəzərdə tutulur. Yeni sistem gənclərin mədəniyyət və incəsənət hadisələrindən kənarda qalmamasına şərait yaradır. Hesablamalara görə, ümumilikdə 13 milyon nəfər “Puşkin kartı”nın sahibi olacaq.