“Facebook” sosial şəbəkəsi tarixində görünməmiş böhranla üzləşib. Əvvəllər bu şirkətdə məlumatların emalı üzrə mütəxəssis vəzifəsində çalışan xanım Frensis Hogen tərəfindən açıqlanmış ifşaedici məlumatlar böyük qalmaqal ilə nəticələnib.

Hogen ABŞ Senatının İstehsalçı hüquqlarının müdafiəsi, məhsulun təhlükəsizliyi və məlumatların təhlükəsizliyi məsələləri üzrə Yardımçı Komitəsində dinləmələrdə ifadə verib. O qeyd edib ki, “Facebook” uşaqlara ziyan vurur, cəmiyyətdə ayrı-seçkilik yaradır və demokratiyanın əsaslarını sarsıdır.

May ayında “Facebook”u tərk etdiyini bildirən Frensis Hogen deyib ki, işlədiyi dövrdə şirkətin öz mənfəətini ictimai təhlükəsizlikdən üstün tutmasına, insanların həyatını riskə məruz qoymasına görə narahatlıq keçirirdi. O, müvafiq sənədləri Konqresə təqdim edib.

Mətbuatda dərc edilmiş sənədlərdən məlum olur ki, şirkət məşhur şəxslərə, siyasətçilərə və yüksəkvəzifəli “Facebook” istifadəçilərinə müxtəlif münasibət bəsləyir. Belə şəxslərin uçot qeydlərinə moderasiya siyasəti, yəni çarpaz yoxlama adı ilə məşhur olan “XCheck” sistemi ya zəif tətbiq edilir, ya da ümumiyyətlə, tətbiq edilmirdi. Sadə dildə desək, həmin istifadəçilərin postları sosial şəbəkə qaydalarını pozduqda belə, bu postlar silinmirdi.

Dinləmələr zamanı senatorlar şirkəti kəskin tənqid ediblər. Qanunvericilər bildiriblər ki, onlar “Facebook”un uşaqlar üçün yaxşı platforma (“Facebook”un uşaqlar üçün uyğunlaşdırdığı İnstagram platforması nəzərdə tutulub) ola biləcəyinə inanmırlar.