Britaniya avtomobil şirkətlərindən “The Little Car Company”, “Agent 007” filmlərinin qəhrəmanı Ceyms Bond qədər məşhur olan avtomobilin – “Aston Martin” markasına aid “DB5” modelinin məhdud sayda buraxılışına qərar verib. “DB5” benzinlə deyil, elektriklə çalışacaq.

20 at gücündə, maksimum 75 km/saat sürəti olacaq elektromobilə ilkin olaraq 90 min funt-sterlinq, təxminən 125 min dollar qiymət qoyulub. Kabrioletdə (üstü açılıb-bağlanan avtomobil) bir çox unikal özəlliklər nəzərdə tutulub. O cümlədən sürücülük təcrübəsi olmayan, onu hətta uşaqlar da idarə edə biləcək. Bunun üçün müvafiq sürət rejimlərini işə salan qurğu (qadjet), orijinalında olduğu kimi, sürücünün qapısında “gizlədiləcək”.

Avtomobildə, orijinalda olduğu kimi, ön fənərlərdən çıxan ”silah lülələri”ndən güllə yerinə, sayrışan işıqlar bərq vuracaq. Şirkətdən verilən məlumata görə, əgər layihə gözlənilən marağı yarada bilsə, “Bugatti Type 35” və “Ferrari 250 Testa Rossa” avtomobillərinin də elektriklə işləyən oxşarları hazırlanacaq.

CAVİD