Misirdə Azərbaycan şərqşünaslıq elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında kitab çapdan çıxıb. “Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi” adlı kitabın müəllifi misirli alim, professor Raşa Ğanimdir.

Azərbaycanın Misirdəki Səfirliyinin dəstəyi ilə ərəb dilində nəfis şəkildə çap olunmuş kitab müqəddimə və üç fəsildən ibarətdir.

Görkəmli şərqşünas alimin “Yeni ərəb ədəbiyyatı korifeyləri” fundamental monoqrafiyasının təhlilini aparan müəllif qeyd edib ki, Aida İmanquliyeva ən yüksək peşəkarlıqla ərəb ədəbiyyatında modernləşmə cərəyanını araşdırıb, məhcər (köç) ədəbiyyatı nümunələrini dərinliyi ilə tədqiq edib, ərəb ədiblərinin yaradıcılığında liberal meyilləri və ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətlərini araşdırıb.

Kitabda qeyd olunub ki, Aida İmanquliyeva 70-dən çox elmi məqalənin müəllifi, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. O, Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan görkəmli alim uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Aida İmanquliyevaya həsr olunmuş kitabın işıq üzü görməsi Misir mətbuatının da diqqət mərkəzində olub. “Cümhuriyyə”, “Əl Vəsilə”, “Dar Əl Marif” qəzetləri, “Əl Diplomasi”, “Yeni dünya xəbərləri” informasiya portalları, “Diplomasy magazine” jurnalı, “Asiaelyom” agentliyinin saytında və digər KİV-də bu barədə materiallar yayımlanıb.