“Sotheby’s”in Honkonq hərracı məhsuldar olub

 

Məşhur ispan fırça ustası Pablo Pikassonun “Çömbəlmiş qadın” əsəri “Sotheby’s”in Honkonq hərracında 24.6 milyon dollara satılıb. Bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

Əsərdə rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.

Eyni hərracda hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu 9.1 milyon dollara, çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl”i isə 10.3 milyon dollara satılıb.

Hərracda fransalı heykəltəraş Ogüst Rodenin əl işi – Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz idilər.

“Sotheby’s”in Honkonq hərracında ən baha qiymətləndirilən əsərlərdən biri Çin rəssamı Çjan Datsyanın “Səhər dumanı” olub. 27,5 milyon dollara satılan əsəri rəssam 1968-ci ildə abstraksionizm ruhunda və mavi-qəhvəyi tonlarda işləyib.

Çjan Datsyan son zamanlar Asiyada ən bahalı fırça ustası kimi tanınır. 2016-cı ildə onun “Yazda çiçək açan şaftalı ağacı” adlı rəsmi Honkonqda rekord qiymətə – 35 milyon dollara satılıb.

Müəllif ənənəvi Çin rəssamlıq sənətinin, əsasən də “se i” (ideyanın ötürülməsi) texnikasının ustası sayılır. O, həmçinin özünün “səpələnmiş tuş” texnikası sayəsində məşhurluq qazanıb.