VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Nizami ili” çərçivəsində dahi şairin “Yeddi gözəl” poemasının elektron kitabının ardınca əsərin jest dilində tərcüməsinin təqdimatı idi.

Məlum olduğu kimi, sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitab təqdim edilmişdi.

Bu layihənin davamı kimi ərsəyə gələn jest dilində tərcümə də böyük marağa səbəb oldu. Bunu tədbirə gələn xüsusi tipli məktəbin şagirdləri və ümumən nitq və eşitmə məhdudiyyətli qonaqların çöhrəsindən sezmək mümkün idi.

Rəhbəri və ideya müəllifi olduğu layihə barədə məlumat verən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova geniş auditoriyaya təqdim etdikləri işin marağa səbəb olmasından məmnunluğunu bildirdi. Qeyd etdi ki, Respublika Uşaq Kitabxanası 2019-cu ildən bu profilli uşaqlar üçün layihələr həyata keçirir. Layihə üzrə bütün kitablar həm Brayl əlifbası, həm də eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün videoformatda hazırlanıb və saytın müvafiq bölməsində yerləşdirilib. Eyni zamanda bu kitablar jest dilinə tərcümə edilərək xüsusi internat məktəblərinin kitabxanalarına hədiyyə olunub.

Bu qəbil uşaqlar üçün vəsaitlərə böyük ehtiyac olduğunu da dilə gətirən direktor bu istiqamətdə təkcə kitabxanaların deyil, ayrı-ayrı qurum və təşkilatların maraq göstərməsinin vacibliyini vurğuladı: “Biz bu işi kitabxanamızın qızıl fondunda qorunan “Yeddi gözəl” poemasından uşaqlar üçün yeddi hekayənin jest dilində tərcüməsi ilə davam etdiririk. Tədbir başlayarkən siz xorda Dövlət himnimizi dinlədiniz. Xorda iştirak edənlər 2 nömrəli xüsusi uşaq internat məktəbinin şagirdləri idi. Onlar nitq və eşitmə məhdudiyyəti olsa da, sağlam uşaqlarla – Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri ilə birlikdə  oxudular. Gördüyünüz kimi, onlar bir-birini artıq bir baxış, bir jestdən gözəl anlayırlar. Kitabxananın da əsas məqsədi sağlam və sağlamlıq imkanları məhdud uşaqları bir araya gətirmək, onların ünsiyyətini təmin etmək, əlaqə qurmalarına  dəstək olmaqdır. Düşünürəm ki, bu istiqamətdə işbirliyimiz, bir-birimizə dəstəyimizlə xüsusi diqqətə ehtiyacı olan uşaqlarımızla bağlı layihələrimiz daha çox olmalıdır”.

Çıxışın ardınca gözlər ekrana dikildi və mətnin jest dilində təqdimatı başladı. “Silent Communication” təşkilatının qurucusu və rəhbəri Şamil Sabirzadə və təşkilatın jest dili üzrə təlimçi və tərcüməçisi Könül Quliyeva tərəfindən tərcümə edilən material nitq və eşitmə məhdudiyyətli izləyicilərin xüsusilə marağına səbəb oldu. Onlar rəngarəng illüstrasiya və qrafik elementlərlə zəngin mətnin ekran təsvirini məmnunluqla izlədilər.

Jest üzrə təlimçilərin də iştirak etdiyi təqdimat musiqi nömrəsi ilə başa çatdı. Bakı Musiqi Akademiyası Akademik vokal fakültəsinin tələbəsi, kitabxananın aktiv xüsusi oxucusu, görmə məhdudiyyətli fitri istedad sahibi Səməd Novruzovun ifasında “Sevgili canan” romansı dinlənildi.

HƏMİDƏ