Beynəlxalq hesabat təqdim edilib


Oktyabrın 12-də Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının hazırladığı “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri, BDU-nun rektoru Elçin Babayev giriş sözündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Bildirib ki, BDU-da başladılan bu akademik layihə ölkəmizin tanınmış hüquqşünasları və əcnəbi nüfuzlu hüquqşünas-alimlərin – ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin mütəxəssislərinin iştirakı ilə hazırlanıb. Beynəlxalq hesabatın hazırlanmasında əsas məqsəd Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərindən məcburi köçkünlərin pozulmuş hüquqlarının, daha sonra dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlərin təhlil edilməsidir. Məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan azad olunandan sonra əsas hüquq və azadlıqları beynəlxalq sənədlərlə tanınır və onların pozulmuş hüquqları bərpa edilməlidir.

Təqdimatda Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, təhsil nazirinin müavini Muxtar Məmmədov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, hesabat üzrə işçi qrupunun həmsədri, professor Əmir Əliyev və başqaları çıxış ediblər.

İşçi qrupunun üzvləri, professorlar Leonid Timçenkonun (Ukrayna) və Aron Salimqereyin (Qazaxıstan) videoçıxışları təqdim olunub.

Qeyd edək ki, hesabat giriş, ümumi yanaşma və metodologiya, işğal altında olmuş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş hüquq və azadlıqları, Ermənistan tərəfindən törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanın təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti, 2020-ci ildə işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım, nəticə və əlavələrdən ibarətdir.

“Azərbaycan dövləti bir çox qurumlar vasitəsilə Ermənistanın Azərbaycana işğal dövründə və işğaldan sonra vurduğu ziyanla bağlı hesabatlar hazırlayır”.

Bu sözləri Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda UNESCO və İSESCO-nun nümayəndə heyətlərinin Azərbaycana dəvət olunması ilə bağlı danışıqlar aparılır: “İşğaldan azad olunmuş ərazilərdə biz çox şeyi bərpa edə bilərik, məktəb tikərik, yol çəkərik, meşələr salarıq. Amma elə şeylər var ki, bu bizim tariximizə aiddir. Tarixi abidələrin çox hissəsi dağıdılıb, məhv edilib. Bizim üçün maraq kəsb edən fəaliyyət bərpası mümkün olmayan abidələr üçün zərərin müəyyən edilməsini, Ermənistanın cəzalandırılmasını təmin etməkdir. Qarabağ elə ərazi olub ki, orada mədəniyyətin inkişafı həmin mühitə bağlı olub. Bu gün o mühit olmadığı üçün köçkünlərin mədəni hüquqları da pozulub. Bununla bağlı da biz hansı işlər görə bilərik, bu, bizim üçün maraqlıdır. Buna görə də hesabatı hazırlayan BDU-nun İşçi Heyəti ilə əməkdaşlıq etməkdə maraqlıyıq”.