Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lənkəran rayon komitəsinin sədri Anar Salayev Vətən müharibəsi şəhidi Sənan Ağazadənin məzarını ziyarət ediblər. Şəhidin ailəsi ilə söhbət zamanı qəhrəmanın döyüş yolundan, Vətəninə, xalqına məhəbbətindən danışılıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon nümayəndəliyinin kollektivi II Qarabağ müharibəsi şəhidi Emil Abdüləzimlinin ailəsi ilə görüşüblər. Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin müəllimləri Vətən müharibəsi şəhidi, Azərbaycan Milli Konservatoriyasının məzunu, tarzən Toğrul Hacıyevin ailəsini ziyarət ediblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinə həsr olunmuş “Yarımçıq qalmış arzular” adlı dəyirmi masa keçirilib. Tədbirdə şəhid ailələri və mərkəzin əməkdaşları iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi, Zəngişalı kənd Mədəniyyət evi və MKS-nin 30 saylı kitabxana filialı işçilərinin təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümü münasibətilə “Qayıdan torpaqlarımızın qayıtmayan oğulları” adlı tədbir keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər tariximiz” layihəsi çərçivəsində “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib. Masallı rayon Mərkəzi Kitabxanasında isə Vətən müharibəsinin birinci ildönümü ilə bağlı tədbir təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Elmar Şirinovun ailəsini ziyarət ediblər. Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə işğaldan azad olunmuş rayonlarımız haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib. Mərkəzin əməkdaşları tərəfindən N.Tusi adına məktəb-liseyin VIII sinif şagirdləri üçün Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri və rayon haqqında açıq dərs keçirilib. Qazax rayon MKS-nin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə şəhid ailəsi, qazi və müharibə iştirakçıları ilə görüş keçirilib. Qazax rayon Mədəniyyət Mərkəzində isə Vətən müharibəsi şəhidi Xaliddin Veyisliyə həsr olunmuş “Şəhidlər ölmür” adlı dəyirmi masa keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində regional idarə tərəfindən elan edilmiş “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsinin qiymətləndirilmə mərhələsi ilə əlaqədar toplantı keçirilib. İdarənin rəisi Vüsal Hüseynov və şair, publisist Ramiz Qusarçaylı çıxış edərək bu kimi müsabiqələrin əhəmiyyətindən danışıblar.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri Bayram Vəliyev və Rüfət Paşayevlə görüş olub. Mərkəzdə həmçinin “Hadrut, qayıdışın mübarək!” adlı tədbir keçirilib. Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinə “Ordumuzun şanlı Zəfəri” mövzusunda mühazirə oxunub. Göyçay rayon Rəsul Rzanın Ev-Muzeyində “44 günlük döyüş yolu” başlıqlı tədbir təşkil olunub. Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Uğrunda qan tökülmüş torpağa Vətən deyilir” adlı tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Arif Rüstəmovun doğum günü münasibətilə xatirə lövhəsinin açılışında iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzi meydanında Gəncə terrorunun birinci ildönümü münasibətilə bədii kompozisiya təqdim olunub.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və aparat işçiləri Vətən müharibəsi zamanı Gəncədə törədilmiş erməni terroru qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq düşmən raketinin dağıtdığı ərazini ziyarət edib, tər qərənfillər düzüblər. F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbi Vətən müharibəsində şəhid olmuş məktəbin məzunu Mirhüseyn Seyidzadənin xatirəsinə həsr olunmuş anım günü keçirib. Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Samux şəhər 3 saylı məktəbdə gənclərlə “Şəhid Vətən üçün həmişə yaşar” adlı söhbətlər aparıblar.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzi və Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Bizi Zəfərə aparanlar” adlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsinin qaziləri ilə görüş təşkil olunub və məktəbin müəllimləri rəngarəng musiqi nömrələri ilə qazilərin qarşısında çıxış ediblər. Balakən rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Zəfəri və onun tarixi əhəmiyyəti” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış balakənli qəhrəmanların əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Balakənin Talalar kənd Sənətkarlıq evində “Vətən tarixinə şanlı səhifələr yazmış qəhrəmanlar” başlığı altında diskussiya təşkil edilib. Balakən rayon Qaravəli kənd Diyarşünaslıq evində II Qarabağ müharibəsi iştirakçıları ilə “Zəfərə gedən yol” başlığı altında görüş keçirilib. Zaqatala rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin ildönümü münasibətilə dəyirmi masa təşkil edilib. Oğuz rayon MKS-nin Bayan kənd kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” başlıqlı şeir gecəsi keçirilib. Fəal oxucular Gülay Hacıyeva, Turan Nuruyev, Aliyə İsmayılova, Nərmin Hüseynzadə və Ayan Nuriyeva vətənsevərlik ruhlu şeirlər səsləndiriblər. Qax rayonu Güllük kənd Mədəniyyət evinin təşkilatçılığı ilə kənd orta məktəbində yeniyetmələr arasında vətənpərvərlik hissinin artırılması məqsədilə “Vətənimiz haqqında nələri bilirik” adlı anket-sorğu keçirilib. Sorğuda əsasən II Qarabağ müharibəsinə aid, şəhidlərimizin tanıdılması və müharibə zamanı baş verən önəmli hadisələri əhatə edən suallar üstünlük təşkil edib.

N.MƏMMƏDLİ