Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-da başa çatdı. Beş gün davam edən sərgidə 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi və müxtəlif formatda 200-dən çox tədbir təşkil olundu.

Sərgidə iştirak edən yerli naşirlərin kitab bayramı ilə bağlı təəssüratlarını oxucularla bölüşürük:

“Parlaq imzalar” nəşriyyatı – Nurman Tarık:
- Bu sərgi pandemiyadan yeni çıxmış kitab sektoru üçün gözlənilməz, maraqlı, xoş anlarla yadda qaldı. İlk dəfə idi kitab sərgisi şəhərdən kənarda keçirildiyi üçün bu qədər kütləvi axının olacağını gözləmirdik. Şənbə-bazar günləri isə sərgi zalında addım atmaqda çətinlik çəkirdik. Sərgidə bir qocaman adam stendləri gəzə-gəzə “Çox şükür, çox şükür” deyərək millətin kitaba olan marağını bu cür qiymətləndirirdi. Bu, bir bayram idi. Oxucu-nəşriyyat görüşü həmişə lazımdır. Bu bir motivasiyadır. Oxucuların iradlarını, təkliflərini eşidirik. Bu, çox yadda qalan tədbir oldu. Sərginin təşkilatçılarına minnətdaram. Kitab sahəsində irəliləyiş var. Bütün gələn oxuculara minnətdaram, kitabın ayağına gəlib başımızı uca elədilər.

“Altın kitab” nəşriyyatı – Rafiq İsmayılov:
- İstənilən sərgi müvafiq sektorun istər iqtisadi olsun, istər sosial-mədəni olsun, həmin sahənin güzgüsüdür. Həmin sektor hansı səviyyədədirsə, sərgi də o səviyyədə keçir. Sözsüz ki, təşkilatçılığın da böyük əhəmiyyəti var. Bu il kitab bayramı Azərbaycanın ən böyük sərgi zalında – Bakı Ekspo Mərkəzdə keçirildi. Naşirlər üçün geniş imkanlar yaradılmışdı. Mərkəzin şəhərdən kənar olması ilə bağlı müəyyən nigaranlıq vardı. Ancaq nazirlik tərəfindən avtobuslar təşkil olunmuşdu və oxucuların böyük marağı var idi. Nazirlikdə yeni rəhbərlik kitab biznesinin, kitab işinin nə ilə nəfəs aldığını hiss edir, görür və onun inkişafı üçün artıq strateji yollar hazırlanır.

“Hədəf nəşrləri” – Şamil Sadiq:
- İlk dəfə idi ki, Bakıda beynəlxalq sərgi beş gün davam etdi. Hər gün insan axını daha da artırdı. Sərgi bir daha göstərdi ki, kitab nəşri heç bir biznes sektorundan geri qalmır. Bakı sərgisi gördüyüm möhtəşəm kitab sərgilərindən – Frankfurt, İstanbul, Bolonya, London sərgilərindən geri qalmırdı.
Sərgi ərəfəsində hörmətli mədəniyyət nazirinin naşirlərlə görüşü oldu, fikirlərimizi və problemlərimizi bölüşə bildik. Açığı, cənab nazirin də bu və digər təkliflərə səmimi münasibət göstərməsi, dəstəkləməsi uzun illərdi, sahibsiz qalan kitabı sevindirməyə bilməzdi. Sərginin son günlərinin adətən sönük keçəcəyini gözləyən naşirlər bu dəfə yanıldı, şənbə-bazar tarixləri olduğu üçün sərgiyə böyük axın oldu.
Sərgidə xarici naşirlərlə yerli naşirlər üçün B2B formatında görüşlərin təşkil edilməsi də peşəkarlıqdan xəbər verirdi. Biz də “Hədəf nəşrləri” olaraq sərgidə iştirak edən türkiyəli naşirləri müzakirələr apardıq. Ümid edirik ki, növbəti sərgiyə daha mütəşəkkil hazırlıq görüləcək, xarici yazarlar, hətta Nobel mükafatçısı yazarlar oxucularla görüşə dəvət ediləcək, daha geniş imkanlara sahib olan stendlər qurulacaq, məktəblilərin, tələbələrin gəlişi daha yaxşı təmin olunacaq, onlara kitab almaları üçün güzəştli kart sistemi tətbiq olunacaq. Bütün bunlara gördüklərimizdən sonra daha çox inanır, təşkilatçılara təşəkkürümü bildirirəm.

“Qədim qala” nəşriyyatı – Şöhrət İxtiyaroğlu:
- Arzusunda olduğumuz belə bir möhtəşəm tədbiri reallaşdırdığı üçün Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Çox gözəldir ki, belə bir kitab bayramı ilə əhatələnmişik. Pandemiya dönəmində naşir-oxucu, müəllif-oxucu görüşü ilk idi. Çox sevindik ki, belə bir tədbir baş tutdu. Təəssüratlar çox gözəldir. Naşirlər Birliyi olaraq yaxşı addımlar atacağıq.