Oktyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib.

Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov şəhid və qazi övladlarını təmənnasız sünnət edib. Üçüncüsü təşkil olunan xeyriyyə tədbirinə tanınmış sənətkarlar – Xalq artistləri Flora Kərimova, Avtandil İsrafilov və Mənsum İbrahimov dəstək veriblər.

Şəhid ailələri və qazilər onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Vətən müharibəsində qanı və canı bahasına bizə Qələbə bəxş edən şəhid və qazilərin övladları üçün bu aksiyasını gələcəkdə də davam etdirəcək.