Hüseyn Razi poetik zənginliyi ilə seçilən yaradıcılıq irsi yadigar qoyub

 

Onu XX əsr Naxçıvan ədəbi mühitinin ən tanınmış nümayəndələrindən biri kimi tanıyırlar. Azərbaycan ədəbi mühitində də sevilən, qəbul edilən şair, nasir, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Hüseyn Razinin sağlığında on üç kitabı nəşr olunub. Azərbaycanın görkəmli qələm adamları onun haqqında yüksək fikirlər söyləyib, məqalələr dərc ediblər.

“Dəstə kəndi” şeirində

Xan Araz asılıb ətəklərindən,
Arxası söykənib Kəmki dağına.
Heyrətlə baxıram sübh çağında mən,
Bu kəndin yuxudan oyanmağına.

İlk şəfəq darağı xeyli dərindən,
Axıb üfüqdəki cilanı qırır.
Günəş Ələngəzin çiyinlərindən
Qızıl xonça kimi göz qamaşdırır -

deyən Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi) 17 oktyabr 1924-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra 1941-1943-cü illərdə Culfa rayonunun Ərəzin kənd orta məktəbində müəllim işləyib. 1941-1945-ci illər müharibəsində Sovet ordusu sıralarında Oryol ətrafında gedən döyüşlərdə iştirak edib, yaralanıb. Sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirib, Baltikyanı cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmətini davam etdirib. 1945-ci ildə ordudan tərxis olunan H.Razi 1954-1959-cu illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb.

H.Razi Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kəndində klub müdiri, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, “Şərq qapısı” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) Naxçıvan üzrə xüsusi müxbiri, “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzeti redaksiyasında Ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1962-1990) vəzifələrində işləyib.

H.Razi ədəbi fəaliyyətə 1941-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Partizanın andı” şeiri ilə başlayıb. Daha sonra o, dövri mətbuatda müntəzəm çıxış edib, poetik yaradıcılıqla yanaşı, bədii tərcümə ilə məşğul olub. Dramaturgiya sahəsində özünü sınayan ədibin “Odlu diyar” (1963), “Günəş” (1968), “Arxalı dağlar” (1971), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulub.

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən isə Jurnalistlər Birliyinin üzvü olan şair 1984-cü ildə Naxçıvanın, 1985-ci ildə isə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.

H.Razi ilə Xəlil Rzanı sıx dostluq telləri bağlayırdı. Şairin “Ayrılmaram” (1981) adlı kitabına “Qədim diyarın tərənnümçüsü” adlı dost sözündə X.R.Ulutürk yazırdı: “Dəstə kəndi qızılgüllər oylağıdır. Bir yanda qocaman Ələngəz dağı, bir yanda ucsuz-bucaqsız qızılgüllər səltənəti. Yanılmıramsa, 1959-cu il idi. Yazağzı Naxçıvanı ilk dəfə gəzirdim. H.Razinin öz kəndlərini necə böyük məhəbbətlə göstərdiyini, tanıtdığını indi də xatırlayıram... H.Razinin poeziyası daxili enerjiyə, ilham yanğısına malikdir. İlham isə dil sərrastlığı üçün başlıca təminatdır”.

Şair Rüstəm Behrudi H.Razi haqqında məqaləsində onunla ilk görüşünü xatırlayır, onun şeirlərinin dərc olunmasına göstərdiyi xeyirxah əməlini qeyd edərək yazır: “H.Razini ədəbiyyat biliciləri “Naxçıvanın Səməd Vurğunu” adlandırırdılar... Naxçıvan ədəbi mühitindən çıxan elə bir şair yoxdu ki, H.Razi şeirindən təsirlənməsin”.

“H.Razi haqqında söhbət düşəndə ən əvvəl xəyalıma Naxçıvan torpağı gəlir, çünki onu bu torpaqdan ayrı təsəvvür etmək qeyri-mümkündür. Şair üçün Naxçıvan təkcə coğrafi məfhum deyil, adicə torpaq deyil, böyük, zəngin bir tarixdir, ənənədir, mənəvi sərvətdir, məhəbbətdir”. Bu fikirlər isə şair Tofiq Mahmuda məxsusdur.

Ümumiyyətlə, H.Razi haqqında Süleyman Rüstəm, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Qabil, Hüseyn İbrahimov, Müzəffər Nəsirli, Yavuz Axundlu, Rafiq Babayev və başqa tanınmış şair, yazıçı və ədəbiyyatşünas alimlər yüksək fikirlər söyləyiblər. Onun nəşr olunmuş hər kitabı maraqla qarşılanıb, haqqında müsbət resenziyalar dərc edilib. Həmçinin H.Razinin həyat və yaradıcılığından dissertasiya müdafiə olunub, monoqrafiya və biblioqrafiya çapdan çıxıb. Şairin şeirlərinə tanınmış bəstəkarlarımız musiqi bəstələyib, məşhur müğənnilərimiz tərəfindən ifa olunub.

İlhama çağırır məni xoş anlar,
Xoşbəxtdir vətəndən ilham alanlar.
Fəqət, bərk ayaqda xalqı dananlar
Min əsər yazsa da, elə yetişməz...

27 fevral 1998-ci ildə dünyasını dəyişən, yurduna, elinə, dilinə ürəkdən bağlı olan H.Razi haqda yazını onun öz sözləri ilə bitiririk: “Bu möhtəşəm sənət dünyasından bir neçə misranı adıma, ünvanıma yaza bilsəm, kitablarımda bu gülüstanın bir qönçəsi görünərsə, zəhmətimin bəhrəsiz olmadığına şübhəm qalmayacaqdır”.

Əsəd QULİYEV
sənətşünas, AMEA-nın dissertantı