Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Hər şeyi özünçün əkmək nə yarar?
Dünyada hesabsız ruzi yeyən var.
Keçənlər zəhmətlə əkdiyi bağdan
Gələnlər meyvəni dərmiş hər zaman.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

 

Hər zaman rəiyyətin diləyinə qulaq as,
Ürəkdən məzlumların ürəyinə qulaq as.

(“Sirlər xəzinəsi”)

 

Qohumdan mehriban yadlar az deyil,
Həm vəfalı, sadiq, həm də şirindil.

(“Xosrov və Şirin”)

 

Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.

(“Leyli və Məcnun”)

 

Ovçu səbirsizlik göstərsə əgər,
Ox nişanəyə dəyməz, yan gedər.

(“Yeddi gözəl”)

 

Nə çox əylənən ol, nə də çox yeyən,
Bunlardan süstləşər, boşalar bədən.

(“İsgəndərnamə” – “İqbalnamə”)